M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Zoologiya Muzeyinin əməkdaşlarının da daxil olduğu beynəlxalq alimlər qrupu İranda yaşayan 10 yeni incəbarmaq gekkon növünü təsvir edib.
Elchi.az xəbər verir ki, universitetin mətbuat xidmətinin verdiyi məlumata görə, növlərdən biri rusiyalı herpetoloq Nikolay Orlovun şərəfinə adlandırılıb.
İncəbarmaq gekkonlar uzun müddət Yaxın Şərq faunasının sistematikasında “ağ ləkə” olaraq qalırdı. Tədqiqat müəllifləri 2004-2023-cü illərdə Rusiya-İran ekspedisiyaları zamanı İrandakı 32 məntəqədən toplanmış 251 kərtənkələ nüsxəsinin analizi üçün ilk dəfə DNT-barkodinq metodundan istifadə ediblər. Onlar 10 yeni gekkon növünü müəyyən edərək təsvir etməyə müvəffəq olublar.
“Onların arasında fövqəladə dərəcədə nazik ayaqları və quyruğu olan hörümçəyəbənzər gekkon Cyrtopodion arachnoideum, sahilyanı Cyrtopodion maritimum, dağlıq Cyrtopodion kuhestanense (2 min metrdən çox hündürlükdə tapılıb), eləcə də bədəninin uzunluğu 3,3 sm-dən az olan kompleksin ən kiçik nümayəndəsi Cyrtopodion minimum var. Növlərdən biri (Cyrtopodion orlovi) görkəmli rusiyalı herpetoloq Nikolay Lyutsianoviç Orlovun şərəfinə adlandırılıb”, – deyə universitetdən bildirilib.
Bu kəşf yalnız İran faunası haqqında fundamental bilikləri genişləndirmir, həm də bu növlərin təkamülünə dair gələcək tədqiqatlar üçün zəmin yaradır.
İşin nəticələri “Russian Journal of Herpetology” jurnalında dərc olunub.
Məryəm





















