İndoneziyanın mərkəzi hissəsində yerləşən Şərqi Yava əyalətində Semeru vulkanının üç dəfə püskürməsi qeydə alınıb.
Elchi.az xəbər verir ki, bu barədə “Antara” agentliyi müşahidə postuna istinadən məlumat yayıb.
Onun əməkdaşlarının məlumatına görə, kül vulkanın kraterindən 900 m hündürlüyə və ya dəniz səviyyəsindən 4576 m hündürlüyə çatıb. Cənub-qərb istiqamətində külün böyük intensivliklə yayıldığı qeyd edilir.
Respublika Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzi vulkanın qaynar süxurları atması riski ilə əlaqədar rayon sakinlərinə diqqətli olmağı və kraterdən 5 kilometr radiusda qalmamağı tövsiyə edib.
Semeru İndoneziyanın dördüncü ən hündür vulkanıdır (dəniz səviyyəsindən 3676 m hündürlükdə) və Yava adasındakı ən hündür zirvədir. Dünyanın ən böyük arxipelaqı olan İndoneziya arxipelaqı 18.000 adadan ibarətdir və Sakit Okeanın “Od halqası” adlanan hissəsində yerləşərək bölgəni güclü seysmik fəaliyyətə həssas edir. Ümumilikdə İndoneziyada 500-dən çox vulkan var, onlardan 130-a yaxını aktivdir.
Məryəm





















