İdmançılarımız Yeniyetmələrin II Yay Olimpiya oyunlarında 12 medal qazanıb
Çinin Nancinq şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya oyunlarında Azərbaycan idmançıları uğur qazanıblar. Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, 29 idman növü üzrə keçirilmiş yarışlarda 204 ölkədən 3888 idmançı iştirak edib. Azərbaycan 9 idman növündən (avarçəkmə, cüdo, taekvando, boks, sərbəst güləş/yunan–roma güləşi, üzgüçülük, atletika, kamandan oxatma, güllə atıcılığı) 5 qızıl, 6 gümüş və 1 bürünc medalla 204 iştirakçı ölkə arasında və medal qazana bilmiş 86 ölkə arasında 10-cu yeri tutub. Qazanılmış medalların sayına görə (12 medal) Azərbaycan 14-cü yeri tutub. Avropa ölkələri arasında 6-cı, MDB-də Rusiya və Ukraynadan sonra 3-cü, İslam və Qafqaz ölkələri arasında 1-ci yerdədir. 21 idmançıdan 12-si medalla vətənə qayıdır.
Qızıl medal alan idmançılar:
- Səid Quliyev (73 kq)- taekvando
- İslambek Dadov (69 kq)- yunan roma
- Rüfət Hüseynov (49 kq)- boks
- Teymur Məmmədov (63 kq)– sərbəst güləş
- İqbal Hacızadə (100 kq)- sərbəst güləş
Gümüş medal alanlar:
- Leyla Əliyeva (44 kq)- cüdo
- Natiq Qurbanlı (55 kq)- cüdo
- Ceren Ozbek (44 kq)- Taekvando
- Baris Yotov - avarçəkmə ( 1 nəfərlik qayıq)
- Cabbar Nəcəfov (50 kq)- yunan roma güləşi
- Leyla Qurbanova (52 kq)- qadın güləşi
Bürünc medal alan idmançı isə Nazim Babayevdir (atletika üzrə 3 təkanla tullanma)
Qeyd olunub ki, Sinqapurda Yeniyetmələrin I Yay Olimpiya oyunlarında Azərbaycan 5 idman növündə (ağır atletika, güləş, boks, cüdo, avarçəkmə) 12 nəfərdən ibarət komanda ilə iştirak edib. Nəticədə 3 idman növündə (ağır atletika, güləş, boks) 5 qızıl və 3 gümüş medal qazanaraq komanda hesabında 204 ölkə arasında 11-ci yeri tutub. Eyni zamanda Azərbaycan iştirakçıların sayına görə ən yaxşı nəticə göstərən 2-ci ölkə olub. Ümumi hesabda İslam dövlətləri arasında 1-ci, Avropada 6-cı, MDB ölkələri arasında 3-cü yeri tutub.