İctimai Konsensus və milli hədəflər

45

“Diqqətinizi bu ərəfədə baş verən və cəmiyyətdə böyük rezonans doğuran bir neçə hadisəyə çəkim.
Azərbaycan jurnalistlərinin 8-ci qurultayı keçirildi. Sözün açığı, həm hüquqi, həm də praktiki baxımdan bu tədbiri “Mətbuat Şurasının qurultayı” adlandırmaq daha düzgündür, yəqin gələcəkdə məhz belə də olacaq, ancaq indi sözüm bunda deyil. Mətbuat Şurasının tərkibi və yeni sədri ilə bağlı həm mediada, həm də toplantıda geniş müzakirələr getdi. Rəşad Məcidi sədr seçdik. Rəşad müəllimin nəslində-kökündə seyidlik var, yəni şəcərəsi peyğəmbərə gedib çıxır. Ancaq MŞ-dan ümumi gözləntilər fonunda deyirəm, yeni sədrdən peyğəmbərlik ummaq yanlışdır. Əvvəla, MŞ yeni sədrinin əlində Musanın əsası və “sehirli çubuğu” yoxdur. Eyni zamanda, heç bizim də macəra axtarışına çıxıb səhralarda dolaşmaq vaxtımız deyil. Ancaq ən maraqlısı və yaxşısı nədir, bilirsinizmi? Bütün bədbin və nikbin təhlillərə, şərhlərə, proqnozlara rəğmən MŞ ilə bağlı müzakirələrdə bir ictimai konsensus formalaşdı. İndi çox hörmətli Rəşad Məcid MŞ-nın rəsmi səlahiyyətləri ilə yanaşı, bu ictimai konsensusun da ifadəçisidir”.

Elchi.az xəbər verir ki, bu barədə AzNews.az xəbər portalının baş redaktoru Taleh Şahsuvarlı FB hesabında qeyd edib:

“Şəhidimiz Səbuhi Əhmədovun qardaşının mənzil məsələsi ilə bağlı ictimai vicdan gur səslə ifadə olundu. Qanuni tələblərə istinad edən müvafiq qurumun kommunikasiya səriştəsizliyinə Azərbaycan cəmiyyətinin aktiv kəsimləri iqtidara münasibətindən asılı olmayaraq laqeyd qalmadı. Şəhidimizə, şəhidimizin əmanətinə yekdilliklə sahib çıxdıq. Millət vəkili Aqil Abbas Sənan Əhmədova iki otaqlı mənzil verilməsi ilə bağlı parlamentin spikerinə səslənərək cəmiyyətin ümumi tələbinə çevrilmiş arzunu dilə gətirdi. Aqil Abbas bu məqamda ictimai konsensusu ifadə edirdi.
Bakı məktəblərinin birində yeniyetmə şagird videoya çəkilməklə amansız döyülüb. Hər kəs şokdadır. Məktəbdəki mühitə, şagirdə qarşı zorakılığa etiraz etməyən yoxdur. Bir insan kimi, bir valideyn kimi, bir vətəndaş kimi hər kəs əzilənin, döyülənin yanındadır. DİN və Baş prokurorluq açıqlama yaydı. Bakı şəhər Təhsil İdarəsi, Ailə və Uşaq problemləri üzrə Dövlət Komitəsi məsələni dərhal nəzarətə götürdü. Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova məktəbə gedərək cəmiyyətin narahatlığını ifadə etdi. İctimai konsensus formalaşıb: Bizim məktəblərimiz, təhsil sistemimiz, uşaq hüquqlarını qoruyan mexanizmlərimiz belə olmamalıdır!
Bu, sosial şəbəkələrdə yeni tendensiyadır, fərqindəsinizmi? Sosial şəbəkələr ictimai konsensus formalaşdırma müstəvisinə dönür. Nədən? Çünki cəmiyyət ictimai problemlərdən şəxsi məqsədləri, kini, küdurəti üçün istifadə edənləri dışlayır. Şantaj mühiti daralır. Süni katalizatorlar dövlətlə cəmiyyət arasına girib ürək bulandıra bilmir. Bütün bunlar bardağın dolu tərəfidir. Ancaq bir başqa reallıq da var.
Bu günlərdə ATƏT-in tədbiri keçirildi. Toplantıya Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçiləri də qatılmışdı. 44 günlük savaşda qalibb gəlmiş xalqın nümayəndələri Səbuhi Abbasovun timsalında hesab edirəm ki, milli maraqlarımızı fəal şəkildə qorudular. Ancaq elə həmin tədbirdə “Azərbaycana təzyiq göstərin” qəbilindən olan çağırışlar da səsləndi. Ermənilərlə bizim bəzi “fəal”ların mövqeyi tam üst-üstə düşmüş. Real TV-nin rəhbəri Mirşahin öz proqoramında bu halı kəskin tənqid etdi. İzləmişəm, media etikasından əsla kənara çıxmayan əks mövqe idi. Əgər kimsə gedib ATƏT-in tədbirində Azərbaycana qarşı çağırışlar edirsə, Azərbaycanı sevən insanların, imzaların da hüququ və borcu budur ki, baş verənlərə laqeyd yanaşmasın.
Bilirsiniz, bütün yaradıcı adamlar, o cümlədən də jurnalistlər xeyli dərəcədə eqosu yüksək insanlardırlar. İçi mən qarışıq. İçi mən qarışıq, kim istəyirsə, özünü ağıllı və ya ən ağıllı saysın, istedadlı və ya ən istedadlı hesab etsin, peşəkar və ya ən peşəkar zənn edib meydan sulasın, ancaq bir də Tanrının seçimi var. Müstəqil Azərbaycan mediasının tarixi irsinin və potensialının ortaya qoyduğu bir gerçəklik var. Azərbaycan mediasının 1-dən 10-dək olan İLK YERLƏRİnin hamısının sahibi Mirşahindir. Qalan hər kəs içi mən qarışıq geyindiyi formadan və o formanın üzərindəki nömrədən asılı olmayaraq ONDAN SONRADIR. Mirşahinə qarşı linç kampaniyasının necə kütləviləşdiyini çox yaxşı xatırlayıram. İnternet televiziyaları öz “ulduz”larını yaratmaq üçün Mirşahini “doğramağa” başladılar. Amma bu işıldayan böcəklərin kainatın dərinliklərinə boylanıb ulduzlara “gün gələcək, siz sönəcəksiniz” deməsinə bənzəyirdi. Sentyabrın 13-də Azərbaycan ordusu erməni təxribatına cavab verərək öz suveren ərazilərimizdə daha bir neçə mövqeni düşməndən azad etdi. Sevinc Mirzəyevanın, Altay Göyüşovların timsalında “işıldayan böcəklər”in milli düşüncə zonasındakı əsl görəvləri də üzə çıxdı. Mirşahinlik bir iş qalmadı. “XAİNLƏRİ TANI” sloqanı ilə aparılan ictimai kampaniya Mirşahini qalib elan etmişdi. Çünki Mirşahinin doğrunun təmsilçisi olması bir daha yəqin olmuşdu. Amma bu mənəvi qələbənin astar üzündə HƏQİQƏTə, İNTELLEKTə, RASİONALLIĞa qarşı illərlə axıdılan çirkab, o çirkaba tab gətirmək üçün xərclənən əsəb, stress, gərginlik də var axı… Odur ki, özümüzə sual verməliyik. Dövlət və millət olaraq Mirşahinin timsalında ÖZ İMZAMIZI şərdən, şəbədədən necə qoruyuruq? Bu məqamda söhbət şəxsi deyil, enində-sonunda xalqın bilgi almaq haqqına xidmət edən adamları və həmin adamların ailəsini söyüşdən, təhqirdən qorumaq jurnalist fəaliyyətinin sərbəstliyinə təminat verən DÖVLƏTİN və onun hüquq-mühafizə orqanlarının vəzifə borcudur.
Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın ailə qəzeti Azərbaycanla danışıqların məzmunu ilə bağlı kriteriyalar açıqlayıb. Manipulyasiya da var. Amma əsla diqqətdən yayınmayacaq bir nüans var. Ermənistan hakimiyyətinə bağlı nəşr iddia edir ki, Azərbaycan sərhədlərin demarkasiya və delimitiasiya prosesini 1918-20-ci illərin xəritəsinə əsasən aparılmasını tələb edir. Bunun sadə dilə tərcüməsi odur ki, Naxçıvana sahib olan, Qarabağı qaytarmış Azərbaycan o illərdə mübahisəli olan üçüncü zonanı- Qərbi Zəngəzuru tələb edir. Azərbaycan buna nail olacaqmı, nail olacaqsa, sülhlə, yoxsa hərblə nail olacaqmı, bilmirəm, gələcək göstərər. Ancaq İNDİnin göstərdiyi bir başqa reallıq da var. İran indiki rejimlə davam edə bilməyəcək. Rusiya Ukrayna torpaqlarını işğal edir, biz tanıdıq- tanımadıq özünə birləşdirir, Azərbaycan qaz icracatçısı kimi Avropanın xilaskarına çevrilir və tam yanımızda, etnik çoxluğumuzun yaşadığı İranın siyasi rejimi çökür. Tariximizin son iki əsrlik paradiqması dəyişir. Həm də kökündən dəyişir.
Bu kardinal paradiqma dəyişikliyi dövləti də, hakimiyyəti də, milli strategiyanı mənimsəmiş insanları da ağır sınaqlar qarşısında qoyacaq. Qalxanımızı sağa tutanda soldan, sola tutanda sağdan zərbələr alacağıq. Önümüzdə nəhəng bir dünya və bu dünyanı idarə edən super güclərin on illər boyunca formalaşdırdığı şəbəkələr var. Dünən müstəqil olmuş ovuc boyda bir ölkənin arxitekturası çökmüş beynəlxalq münasibətlər sisteminin yenidən düzənlənməsində İlham Əliyevin liderliyi ilə rol və yol almasına imkan vermək istəmirlər. Birinci Qarabağ savaşının yaratdığı natamamlıq kompleksini tam aşaraq QALİB XALQ-DÖVLƏT-LİDER vəhdətinin dünyanın yenidən bölüşdürülməsi prosesində pay sahibi olmasına hər vəchlə qarşı çıxırlar. Amma necə demişdi Mustafa Kamal Atatürk?
“Büyüklük odur ki, hiç kimseye iltifat etmeyeceksin, hiç kimseyi aldatmayacaksın, memleket için gerçek ülkü neyse onu görecek, o hedefe yürüyeceksin. Herkes senin aleyhinde bulunacaktır. Herkes seni yolundan çevirmeye çalışacaktır. Önüne sayılamayacak güçlükler yığacaklar. Kendini büyük değil küçük, zayıf, araçsız, hiç sayarak, kimseden yardım gelmeyeceğine inanarak bu güçlükleri aşacaksın. Ondan sonra sana büyüksün derlerse, bunu diyenlere de güleceksin”.

Yaşasın Böyük Azərbaycan!”.

Şayəstə