Avropa İttifaqı və onun üzv dövlətləri İran hakimiyyətini öz xalqına qarşı zorakılığa və repressiyalara son qoymağa, həmçinin edam dalğasını dayandırmağa çağırır.
Elchi.az xəbər verir ki, Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) sözçüsü tərəfindən çərşənbə günü yayılan bəyanatda deyilir:
“İranda hazırkı edam səviyyəsi dəhşətlidir. Avropa İttifaqı bütün hallarda və istənilən şəraitdə ölüm hökmünün tətbiqinə qəti və prinsipial şəkildə qarşıdır. Ölüm hökmü insanın ayrılmaz yaşamaq hüququ və qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan cəzaların qadağan edilməsi prinsipi ilə bir araya sığmır”.
Sənəddə qeyd olunur ki, hicabı düzgün taxmamaq səbəbilə əxlaq polisinin nəzarətində olarkən həyatını itirən kürd əsilli 22 yaşlı iranlı qadın Jina Məhsa Əmininin ölümündən və “Qadın, Həyat, Azadlıq” hərəkatının başlamasından dörd il sonra, həmçinin minlərlə etirazçının həlak olduğu 2026-cı ilin yanvarındakı ümummilli etirazlar fonunda “Aİ İran qadınlarının və kişilərinin cəsarətini yüksək qiymətləndirir və onların universal insan hüquqları ilə fundamental azadlıqların hörmət edildiyi, qorunduğu və həyata keçirildiyi bir gələcəyə dair istəklərini dəstəkləyir”.
Avropa EAS sözçüsü əlavə edib ki, müharibə “daha bir əzab qatı” gətirib. O bildirib ki, “Zərbələr nəticəsində günahsız insanların ölümünə görə dərin kədər duyuruq”.
Sənəddə vurğulanır ki, “Aİ və üzv dövlətlər İran hakimiyyəti tərəfindən davam edən repressiyaları, o cümlədən tənqidi səsləri susdurmaq üçün ölüm hökmünün sistematik şəkildə tətbiqi, zorakılıq, özbaşına həbslər və qorxutma taktikalarını pisləməkdə yekdildirlər. Aİ və üzv dövlətlər İran hakimiyyətini öz xalqına qarşı zorakılığa və repressiyalara son qoymağa çağırırlar”.
Yeganə





















