“Şərq tərəfdaşlığı” proqramına daxil olan ölkələrin I Media Konfransında qarşılıqlı ittihamlar səslənir
“Beynəlxalq qurumlar düşünməlidirlər ki, hansı səbəblərə görə göstərilən cəhdlər heç bir nəticə vermir və “Şərq tərəfdaşlığı” proqramına qoşulan ölkələrdə medianın durumu yaxşılaşmaq yerinə pisləşir”. Bu sözləri “Şərq tərəfdaşlığında medianın rolu” mövzusunda Riqada keçirilən I Media Konfransda Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli deyib.
Müşfiq Ələsgərli bildirir ki, durum “Şərq tərəfdaşlığı” proqramının başladığı 2009-cu ildən fərqlənmir:“Proqram başlayanda bildirilirdi ki, vəziyyət daha da yaxşılaşacaq, indi toplanıb elan edirik ki, durum xeyli pisləşib. Nə baş verir? Deməli, strategiya və taktika düzgün qurulmayıb. Burada Azərbaycan haqqında elə danışıldı ki, mən düşündüm, doğrudanmı söhbət mənim ölkəmdən gedir? Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujnieksbildirir ki, Azərbaycanda danışan insanlar həbs edilir. Bu ona görədir ki, cənab Mujnieskin Azərbaycandakı çevrəsi dardır. Bir sıra qurumların səyləri ilə jurnalistlər hansısa siyasi proseslərə qoşulur, onlarla bağlı hər hansı problem yaşananda bu, Azərbaycan mediasının problemi kimi təqdim edilir. Bu yanlışdır. Biz demirik ki, ölkəmizdə problem yoxdur. Təbii ki, var və biz bunları çözməyə çalışırıq. Bu proqramın həyata keçirilməsində daha bir problem isə ölkələrə fərdi yanaşma olmamasındadır. Bəzi ölkələrə nəinki fərdi yanaşılmır, üstəlik, qərəli münasibət göstərilir. Ermənistan haqqında danışılanda yalnız “A1+” telekanalının adı çəkilir. Ermənilər özləri media ilə bağlı çox böyük problemlərin olduğunu bildirsə də, cənab Mujnieks yalnız bir telekanal haqqında danışır. Mənə maraqlıdır, biz buraya problemlərimizin aradan qaldırılmasına yardım almaq üçünmü gəlmişik, yoxsa sadəcə tənqid olunmağa, haqqımızda mənfi imic formalaşdırılmasını müşahidə etməyə? Hansısa ölkələrin süni şəkildə şişirdilməsini, hansısa ölkələrin sıradan çıxarılmasını doğru saymıram”.
Yada salaq ki, Nils Mujnieks konfransdakı çıxışında ifadə azadlığını məhdudlaşdırıldığı, media üzərində davamlı basqının olduğu, jurnalistlərin həbs edildiyi üçün Azərbayanın ünvanına sərt tənqidlər səsləndirmişdi. Konfransın gedişində jurnalistlərin suallarını cavablandıran Avropa Şurasının təmsilçisi bir daha rəsmi Bakını həbsdə olan qəzetçilərin, siyasi fəalların azad edilməsinə çağırıb: ““Blogerlər, insan haqları müdafiəçiləri, jurnalistlər həbsdən azad edilməli, hökümət Avropa İnsan Haqları Konveniyası üzrə öhdəliklərini yerinə yetirməldir. Onlar hələ ki bunu etmirlər. Hakimiyyətlə dialoq yaratmağa, istiqamətlərini dəyişmələrinə razı salmağa çalışmışam, ancaq hələ ki uğur əldə edə bilməmişəm. Ümid edirəm ki, Azərbaycan istiqamətini dəyişəcək və doğru olanı edəcək. Bu insanlar Azərbaycan üçün böyük resursdur. Mən bu fəzifəni daşıdığım müddətdə Azərbaycanda insan haqları pozuntularını işıqlandırmağa davam edəcəyəm”.
Mujnieks Bakıda keçiriləcək I Avropa Oyunlarını Azərbaycanla bağlı gerçəklərin daha aktiv intensiv şəkildə gündəmə gətirilməsi üçün vasitə adlandırıb: “Azərbaycan ədliyyə sisteminin ciddi problemləri var, insanlar haqsız yerə həbs edilir. Avropa Oyunları dünyanı Azərbaycanda insan haqları vəziyyəti ilə bağlı məlumatlandırmaq üçün bir fürsətdir, çünki oyunlar zamanı diqqət Azərbaycanın üzərində olacaq. Ümid edirəm ki, olimpiya olyunlarında iştirak üçün gedəcək şəxslər, oraya nümayəndə heyəti göndərən dövlətlər Azərbaycanda insan haqlarının durumundan xəbərdar olmalı, eyni zamanda öz mətbuatları vasitəsilə diqqəti Azərbaycandakı vəziyyətə çəkməlidirlər. Azərbaycan höküməti Xədicə, Rəsul, Hilal kimi haqsız olaraq həbsdə olan insan haqları müdafiəçilərini, jurnalistləri və digərlərini sərbəst buraxmalıdırlar”.
Mujnieks hüquqşünas İntiqam Əliyevin həbsindən də danışıb: “İntiqam Əliyev Avropa Şurasının yaxın tərəfdaşıdır. O, Azərbaycanda Avropa Şurasının tətbiq etdiyi hüquq proqramının koordinatoru idi. Əliyev Avropa İnsan Haqları Məhkəməsinə müraciət edən Azərbaycan vətəndaşlarına vəkillik edirdi. Ancaq Azərbaycan QHT-lər haqqında qanunan dəyişikliklər edəndən sonra onun fəaliyyəti çətinləşdi, sonda isə onun özünün azadlığı əlindən alındı. Bu gün Azərbaycanda insan haqları sahəsində fəaliyyət göstərmək mümkün deyil. Düşünürəm ki, İntiqam Əliyev haqsız yerə həbs olunub və sərbəst buraxılmalıdır”.
Media Konfransın gedişində əsas vurğu Rusiyanın üzərində olub. Bir neçə paneldə davam edən təqdimat və müzakirələrdə Rusiyanın Ukraynaya, eləcə də bütünlükdə Qərbə qarşı təbliğat apardığı bildirilir. Belorus təmsilçiləri deyiblər ki, ölkələri Ukrayna ilə bağlı xəbərlərin təqdimatında bütünlüklə Rusiyanın təsiri altındadır. Əhalinin təxminən 2/3 hissəsi Rusiya telekanallarını seyr edir, Rusiyanın çap və elektron mediasını oxuyur. Bu səbəbdən gerçəklikdə baş verənlərdən xəbər tutmur, Rusiyanın təbliğat maşınının təsiri altına düşür. Bu maşının əsas işi isə Qərbi guya ölkələrin daxili işinə qarışdığına görə pisləmək, Rusiyanı və onunla tərəfdaşlıq edən ölkələri sıradan çıxarmağa çalışdığını söyləməkdir.
Belorusla bağlı təqdimatda o da bildirilib ki, ölkədə media azadlığı yalnız rəsmilərin xüsusi sifarişləri ilə məhdudlaşdırılmır, qanunlara da ciddi dəyişikliklər edilir. Belorusun “KİV haqqında” qanunundakı son dəyişikliklər isə haqqında məhkəmələrə müraciət edilən media qurumlarının fəaliyyətinin dayandırılması haqqındadır. Təklif edildikdən cəmi 4 gün sonra qəbul edilən dəyişikliklərə görə, hər hansı media qurumu haqqında məhkəmələrə 2 şkayət daxil olubsa, onun fəaliyyəti dayandırıla bilər. Avropa strukturlarının təmsilçiləri bu qərarı absurd, ifadə azadlığının kobud şəkildə məhdudlaşdırılması kimi qiymətləndirib.
Ermənistanla bağlı çıxışlar isə “A1+” telekanalının bağlanması ətrafında qurulub. Müxalifətə yaxın olduğu bildirilən kanal bir neçə ilə öncə hakimiyyətin basqısı ilə bağlanıb. İndi kanal məhdud imkanlarla internet üzərindən işləyir. Media ekspertləri rəsmi İrəvanın medianın fəaliyyətini tam nəzarətdə saxlamaq üçün həm inzibati resurslardan yararlandırğını, həm də qanuna dəyişikliklər edildiyini bildirib. Ermənistan mediasında ən ciddi problem həm də professionallıqla bağlıdır. İrəvan Press Klubunun sədri Boris Novosardyan bildirib ki, illərdir bu məsələ gündəmə gətirilsə də heç bir irəliləyiş yoxdur. Həm çap, həm də elektron mediada professionallıq aşağı səviyyədədir. Xüsusən tənqidi məqalələrdə jurnalistikanın etik kodeksinə əməl edilmir.
Azərbaycan mediasının durumunu isə konfrans iştirakçılarına “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev çatdırıb: “Təxminən bir il öncə Azərbaycan hakimiyyətinin təşəbbüsü ilə media ilə bağlı böyük dövlət tədbir keçirildi. Orada elan edildi ki, medianın qarşısında 3 vəzifə olmalıdır – dövlətçiliyin qorunması, vətənpərvərliyin təbliği, vətəndaş mövqeyinin nümayiş etdirilməsi. İndi Azərbaycan mediası professionallığa aid olduğu böyük şübhə yaradan bu 3 istiqamət üzrə hərəkət edir. Əslində isə çağdaş media söz azadlığı, müstəqillik, professionallıq prinsipləri ilə fəaliyyət göstərməlidir. Bu sıralama təsadüfi deyil. Bu prinsiplər bir-birinə bağlıdır. Əgər söz azadlığı yoxdursa, müstəqillik mümkün deyil, ilk iki prinsip təmin olunmursa, professionallığın heç bir mənası qalmır. “Şərq tərəfdaşlığı” proqramına qoşuan bəzi ölkələrdə media ciddi şəkildə irəliləyib. Bəzi ölkələrdəki uğurlara baxarkən inanmırsan ki, cəmi 25-30 il öncə biz eyni dövlətin tərkibində yaşamış, eyni problemləri paylaşmışıq. Sözsüz, medianın azad olmamasının, ifadə məhdudluğunun əsas səbəbihakimiyyətlərdir”.
Arif Əliyev çıxışında beynəlxalq qurum təmsilçilərini Azərbaycan mediasının bütün problemlərinə diqqətlə yanaşmağa çağırıb: “Bəzən anlaşılmaz durum yaranır. Çox zaman beynəlxalq institutların təmsilçiləri Azərbaycan mediası haqqında danışarkən mövzunu bir neçə çəxsin üzərində qurur. Şübhəsiz professional fəaliyyətinə görə həbs edilənlər azadlığa buraxılmalıdır, ancaq Rauf Mirqədirov kimi adı çəkilən şəxslərdən professionallığına, çəkdiyi əziyyətlərə görə geri qalmayan Rauf Mirqədirov unudulur. Bu məqamlara diqqət edilməsini vacib hesab edirəm. Həm daxildən, həm də xaricdən dəfələrlər edilən çağırışlara baxmayaraq həbsdə olan jurnalistlər azad edilmir”.
Arif Əliyev düşünür ki, “Avropa Birliyi media azadlığı məhdudlaşdırılan ölkələrdə nələr edə bilər” sualı tam ciddiyyətilə gündəmdədir:“Avropa Şurasının, ATƏT-in Azərbaycanla bağlı hesabatlarında insan haqlarının, demokratiyanın durumu ilə yanaşı mütləq medianın problemləri də vurğulanır. Çünki ölkələrdə demokratiyanın durumu media azadlığına birbaşa təsir edən önəmli amildir. “Şərq tərəfdaşlığı” proqramına qoşulan ölkələrin durumunu analiz edəndə açıq aydın görünür ki, demokratiyanın daha yüksək inkişaf etdiyi dövlətlərdə KİV daha professional fəaliyyət göstərə bilir. Bu faktdan çıxış edib söyləmək istəyirəm ki, mediada professionallıqla bağlı problemlər çox zaman siyasi durumla bağlı olur. Bu, siyasi problemdir. Bir müddət öncə Azərbaycanda “Ayna-Zerkalo” qəzet çapını dayandırmağa məcbur olub. Bu media quruluşu Azərbaycanda rusdilli kəsim arasında ən populyar qəzet idi. Qəzetin baş redaktoru deyir ki, bağlanandan 6 ay sonra aparılan statistika ölkədə Rusiya mediasına tələbatın 20 fazi artdığını göstərib. Bu Azərbaycan mediasına, cəmiyyətinə ciddi zərbədir. Problemlərin aradan qaldırılması üçün hakimiyyətlə media arasında dialoqa ehtiyac var. İmitasiyaya yox, məhz dialoqa. Bir zamanlar beynəlxalq qurumların səyi ilə yaranan dialoq Azərbaycanın media məkanına ciddi faydalar verib. Həm qanunvericilik qismən Avropa standartlarına yaxınlaşır, həm media-hakimiyyət münasibətləri daha yumşaq müstəvidə davam edirdi. Çox qəribədir ki, Avropa strukturları ilə Azərbaycan hakimiyyəti yaxınlaşdıqca bu proses dayandı. Bu haqda düşünməyə dəyər. Fikrimcə, düşdüyümüz durumdan çıxış yolu Avropa strukturlarına inteqrasiyanın dərinləşdirilməsidir. Bunun üçün “Şərq tərəfdaşlığı” proqramına daxil olan ölkələrdə fəaiyyət göstərən media qurumlarının ortaq strukturunun yaradılmasına ehtiyac var. Bu problemlərin dərindən öyrənilməsinə müsbət təsir göstərə bilər. Unutmamalıyıq ki, inteqrqasiya prosesinin əleyhinə olan qüvvələr də var və onlar yalnız Rusiyada deyil. Azərbaycanda vətəndaşların yarısından çoxunun Avropa Birliyinə inteqrasiyanın onlara nə verə biləcəyi haqqında aydın təsəvvürləri yoxdur. Çoxlarına elə gəlir ki, Avropa yalnız özünün enerji maraqlarından çıxış edir və hətta Azərbaycan üçün Rusiyada da böyük təhlükə yaratmaq gücündədir. Bu düşüncə genişlənməkdədir. Görünür belə bir təəssüratın formalaşmasına hansısa faktlar təsir edib”.
Aygün Muradxanlı, Riqa