Hollandiya Prokurorluğu iki dövlət məmurunun “dövlət sirrini yaymaqda” şübhəli bilinərək saxlanıldığını açıqlayıb. AD qəzeti şübhəli şəxslərin Mərakeş hökumətinə məlumat ötürməkdə şübhəli bilindiyini iddia edib.
Elchi.az xəbər verir ki, Hollandiya Prokurorluğu öz bəyanatında bildirib ki, iki dövlət əməkdaşı, Təhlükəsizlik və Terrorla Mübarizə Agentliyinin (NCTV) əməkdaşı və bir polis əməkdaşı “dövlət sirrini yaymaqda” şübhəli bilinərək saxlanılıb.
Prokurorluqdan verilən yazılı açıqlamada bildirilib ki, 64 yaşlı kişi və 35 yaşlı qadın 26 oktyabr 2023-cü il tarixdə dövlət sirri təşkil edən məlumatları saxlamaq və yaymaqda şübhəli bilinərək saxlanılıb.
Açıqlamada 14 sutka həbs qərarı və bir sıra qadağalara məruz qalan şübhəlilərin yalnız vəkilləri ilə görüşməsinə icazə verildiyi vurğulanıb.
Açıqlamada istintaqın təhlükəsizliyi üçün indiki mərhələdə əlavə məlumat verilməyəcəyi, istintaq çərçivəsində bir çox yerlərdə axtarışların aparıldığı bildirilib.
AD qəzetinin “Terrorla mübarizə qurumunda çalışan tərcüməçi və analitik dövlət sirlərini Mərakeşə sızdırmaqda şübhəli bilinir ” başlıqlı xəbərində sözügedən şübhəlilərin Mərakeş hökumətinə məlumat ötürməkdə şübhəli bilindiyi iddiası yer alıb.
Xəbərdə, NCTV-də tərcüməçi və analitik vəzifəsində çalışan 64 yaşlı kişi şübhəlinin polisin Terror, Ekstremizm və Radikallaşma ilə Mübarizə Şöbəsinin (CTER) həssas sənədlərinə çıxışı olduğu bildirilib.
Nuranə Məmmədova