Hindistan hakimiyyəti İlon Maskın “Starlink”ə qarşı “ayrı-seçkilik” olunması barədə əsassız iddialarını rədd edir.
Elchi.az xəbər verir ki, bu barədə Hindistanın rabitə naziri Comiraditya Sindia bəyan edib.
“Hindistan heç bir sektorda inhisarçılığa yol vermir. Hazırda peyk rabitəsi üzrə lisenziya almış hər üç şirkət bu kommersiya xidmətlərinin istifadəyə verilməsi üçün Daxili İşlər Nazirliyindən icazə gözləyən eyni tənzimləmə mərhələsindədir”, – deyə “The Economic Times” nəşri nazirin bəyanatından sitat gətirir.
Bu şirkətlər – “Starlink”, “Reliance Jio” və “Eutelsat OneWeb” – hökumət gəlirlər əsasında rabitə spektrundan istifadə haqqı sistemini müəyyənləşdirəndən və təhlükəsizlik tələblərinə əməl edildikdən sonra fəaliyyətə başlaya biləcəklər, deyə Sindia əlavə edib. “Starlink” də digər iki şirkət kimi Hindistanın kosmik tənzimləyicisindən peyk rabitəsindən istifadə icazəsi alıb, lakin zəruri prosedurlar tamamlanana qədər kommersiya fəaliyyətinə başlaya bilmir.
İdarə rəhbərinin bəyanatı Maskın 165-dən çox ölkədə lisenziyası olan “Starlink”in nə üçün indiyədək Hindistanda xidmətlərə başlamaq üçün lazımi icazələri almaması barədə sualına cavab olub. “Bu ölkədəki oliqarxlar öz kommersiya maraqlarını qorumaq üçün şirkətimizi bloklayırlar”, – deyə milyarder sosial şəbəkələrdə yazmışdı.
Hindistan hakimiyyəti Maskın “Starlink”i ölkədə istifadəyə vermək təklifini “SpaceX”in yüksəksürətli genişzolaqlı internetə çıxış üzrə mobil peyk sistemi xidmətlərini göstərmək üçün respublikada filialını yaratdığı 2021-ci ildən bəri nəzərdən keçirirdi. 2025-ci il iyulun əvvəlində Hindistan Nazirlər Kabineti “Starlink”ə ilkin lisenziya verdi və bu, “SpaceX”in Hindistanın milli təhlükəsizlik qanunlarına əməl etmək öhdəliyindən sonra ölkədə kommersiya fəaliyyətinə başlaması üçün imkanlar açdı. 2026-cı ilin əvvəlində Yeni Dehlil təhlükəsizlik tələblərinə cavab vermədiyi və “Starlink”in Hindistanda qadağan olunmuş tezlik diapazonlarından istifadə etmək niyyətində olduğu üçün ABŞ şirkətinin ikinci nəsil peyk şəbəkəsini yerləşdirmək müraciətini rədd etdi. Avqustda şirkət müraciətini təkrar təqdim etdi.
Məryəm





















