Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin Milli.Az-a müsahibəsi.
– Hafiz müəllim, efirə – sənət adamlarının çıxışlarına baxırsınızmı?
– İstər komsomolda işlədiyim dönəmlərdə, istər nazir olduğum vaxtlarda incəsənət xadimlərinə böyük hörmətim olub, dəfələrlə yanıma gəliblər, bacardığım qədər kömək etmişəm. Amma bu gün televiziyalara baxanda adamda ikrah hissi yaranır ki, niyə mən buna baxmalıyam? Təbii ki, onların arasında da böyük sənətkarlar, şəxsiyyətlar var. Məsələn, Zeynəb Xanlarova həm böyük sənətkar, həm də böyük şəxsiyyətdir. Vaxtilə Xan Şuşinski oxuyanda deyirdik ki, ay Allah, onu bir də eşidək. Amma indi küçədən keçən insanlar qaşını-gözünü düzəltdirib efirə çıxırlar ki, mən də sənətkaram. Ailə ilə oturub televizora baxmaq mümkün deyil, fikirləşirsən ki, indi nəsə verəcəklər…
Efiri çox cılızlaşdırıblar. Onlara “sənətçi”, “xanəndə” demək olmaz və göbələk kimi artan bu tiplərə baxmağa dəyməz. Azərbaycanın musiqi tarixində sözün əsl mənasında sənətkarlarımız, böyük xanəndələrimiz olub. Bu gün Mehriban xanım Əliyevanın himayəsi və dəstəyi ilə muğam sənətimiz güclü inkişaf edir. Ancaq fikrimcə, dediyim ünsürləri televiziyaya çıxarmağa dəyməz. Çünki özlərini apara bilmirlər. Amma nə etmək olar ki, onların hər birinin arxasında müəyyən qruplar var, adamlar dayanır.
– Hafiz müəllim, bir neçə dəfə belə çıxışlarınız olub. Bildirmisiniz ki, bəzi sənətçilərin arxasında vəzifəli şəxslər dayanırlar. Bu fikirlərdən sonra sizə qarşı həmin şəxslərdən təzyiq olurmu?
– Məsələn, Sevil-Sevinc bacıları deyirdilər ki, bir vaxtlar xərcləməyə iyirmi qəpik tapmırdıq. Amma canlı yayımda manatı cırdılar. Mənim tənqidimdən sonra televiziyada onlara müəyyən qədər qadağalar qoyuldu. Sonra bir prokuror zəng vurub xahiş etdi ki, onların adını bir də çəkməyim. Gördüm ki, elə mən dediklərim həqiqətdir, səsi olmayan, özünü hansı formadasa sevdirən, adını artist, yaxud da müğənni qoyan xanımlar kimlər tərəfindənsə himayə olunurlar. Artıq mən bunu gördüm.
– Dediyiniz himayədarlıq məsələsini yaxın münasibət mənasında qəbul etmək olarmı?
– Təzə çıxan bəzi müğənnilər, artistlər açıq şəkildə deyirlər ki, bizə filankəslər sponsorluq edirlər.
– Prokuror dedi ki, onun əkiz bacılarla münasibəti var?
– Təbii… Onların əksəriyyəti iş adamları, eyş-işrət içərisində yaşayan bəzi məmurlarla oturub-dururlar. Bizdə çoxlu sayda ciddi faktlar var. Sadəcə, hələlik bunu açıqlayıb qalmaqala səbəb olmaq istəmirəm. Amma görsək ki, Azərbaycanın milli mentaliteti təhlükə qarşısındadır, o zaman hər şeyi açıq şəkildə deyəcəyəm.
– Başqa hansı sənətçilərə görə sizə vəzifəli şəxslərdən zənglər gəlib?
– Gəlin ad çəkməyək də. Çünki bu, məhkəmə predmeti ola bilər.
– Amma əkiz bacıların adını çəkdiniz…
– Hə, prokuror dedi ki, bizim adamdır, dəyməyin. Mən iddia etmirəm ki, onların şəxsi münasibətləri var. Hər halda o da insandır, ürəyi yanır, fikirləşir ki, bəlkə, gələcəkdə özlərini düzəldərlər.
– Hafiz müəllim, özünüzün şəxsi münasibətiniz, dostluğunuz olan sənətçi var?
– Biz siyasətlə məşğuluq. Bütün günümüz elə rejimdədir ki, bəzən çörək yeməyə də vaxt olmur. Azərbaycanda və dünyada gedən proseslər bizi o qədər təntidib ki, hansısa sənət adamıyla oturub dostcasına, qardaşcasına söhbətləşməyə imkanımız yoxdur. Şəxsən mən də istərdim ki, istirahət günləri konsertlərə gedim.
– Teatra da gedə bilmirsiniz?
– Qətiyyən. Bu, bizə qismət olmur. Bütün günü görüşlərdə, tədbirlərdə oluruq. Həm də parlament seçkiləri ərəfəsidir, Azərbaycanın ətrafında cərəyan edən siyasi proseslər ölkənin milli maraqlarını qoruyan siyasətçi üçün çox ağırdır. Biz bütün məsələlərdə bir növ patriotluq edirik. Partiyamız milli maraqlar naminə özünü təhlükəyə atır. Ölkənin daxilində müəyyən məsələlərdən süni şəkildə istifadə edib qarışıqlıq salmaq istəyən insanlar var. Məsələn, bir qrup məmur var ki, bu saat “Azadlıq” qəzetini pıçıltıyla paçasının arasında oxuyur və bunlar danılmaz faktlardır. Deyirlər ki, ay Allah, nə olaydı, ara qarışaydı, bizim illərlə gördüyümüz “işlər” unudulaydı. Bunlarda səmimiyyət, etika yoxdur. Onların bir ayağı müxalifətin bəzi qanadının yanındadır. Sürücülərinə “Azadlıq” qəzetini aldırıb, paçalarının arasında oxuyurlar. Bəzən də mesajlar göndərirlər. Biz bunların hamısını görürük.
– Sizə mədəniyyət ocaqlarından birinə rəhbərlik etmək təklif olunsa, qəbul edərsiniz?
– Mən üç dəfə prezidentliyə namizədliyimi vermiş insanam. Belə bir insan xırda hisslərlə yaşaya bilməz. Təbii ki, mən sadəyəm, sadə olmağım bəzən müəyyən fəsadlar gətirir. Mən ölkəni idarə etmək gücündə olan bir siyasətçiyəm və bunun uğrunda da mübarizə aparıram. Amma bu gün hansısa teatra, kinoteatra rəhbərlik etmərəm. Biz böyük amallar uğrunda mübarizə aparan siyasi partiyayıq və düşünürəm ki, bizim gələcəyimiz başqa cür olacaq.
– Partiya üzvləri arasında tanınmış sənət adamları var?
– Sənət adamları yoxdur, amma alimlər, professorlar var. Bu günlərdə dünya çempionu olan iki gənc partiyamıza qəbul olundu. Bunların hamısı gələcəyə nikbin baxmağımıza əsas verir.
– Boş vaxtınız olanda kimi dinləyirsiniz?
– Vaxt olanda Rafaellə Coşqunun parodiyalarına baxıram.
– Bəyənirsiniz?
– Çox bəyənirəm.
– Yeri gəlmişkən, sizi də parodiya etmişdilər…
– Nə olar, eləsinlər. Onların işi, sənəti odur və böyük hörmətimiz var.
– Bəzən onları qınayırlar ki, qadın paltarında səhnəyə çox çıxırlar.
– Mən onları qətiyyən qınamıram. Onlar öz rollarını oynayırlar. Hər ikisi istedadlı sənətkarlardır. Təbii ki, bizim bəzi deputat dostlarımız bunun düzgün olmadığını deyirlər. Amma mən hesab edirəm ki, onların səhnəcikləri çox maarifləndiricidir.
– İstərdinizmi partiyanızın üzvü olsunlar?
– Təbii ki, istərdim, hər ikisi bizim partiyanın üzvü olsun.
– “Parni iz Baku”ya da baxırsınız?
– Onlara da baxıram və həqiqəti çox gözəl tərənnüm edirlər.
– Şəxsi tanışlığınız var?
– Bəli, var, onlara böyük hörmət bəsləyirəm.
– Sənət aləmində ən yaxın dostunuz kimdir?
– Mən onlarla çox yaxınlıq etmirəm. Ən çox hörmət etdiyim sənətkar isə Zeynəb Xanlarovadır.