Gvatemalada 3000 illik Mayya şəhəri aşkarlandı

🗓 30.05.2025 16:29 ✍️ "Elçi" qəzeti
Gvatemalada 3000 illik Mayya şəhəri aşkarlandı

Elchi.az xəbər verir ki, Gvatemalada qədim Mayya şəhəri aşkarlanıb

Gvatemalanın şimalındakı sıx cəngəlliklər arasında maraqlı bir arxeoloji tapıntı üzə çıxıb. Alimlər, qədim Mayya sivilizasiyasının təxminən 3000 il əvvəl inşa etdiyi Los Abuelos adlı bir şəhəri gün üzünə çıxarıblar. Bu şəhər, tanınmış Uaşaktun arxeoloji kompleksindən cəmi 21 kilometr aralıda, Peten bölgəsində yerləşir və dövrünün ən əhəmiyyətli mərasim mərkəzlərindən biri olduğu düşünülür.

Los Abuelos şəhəri, təxminən e.ə. 800-500 illərə aid olan orta-preklassik dövrə aid edilir və təqribən 16 kvadrat kilometr sahəni əhatə edir. Burada arxeoloqlar, piramidalar, heykəllər və unikal kanal sistemləri ilə bərabər, preklassik dövrə aid freskalar da aşkar ediblər. Şəhərin adı, məkanında tapılan və ehtimal ki, qədim mədəniyyətə aid olan insanabənzər cüt figurlara əsasən verilib.

Bu önəmli tapıntı, Gvatemala və Slovakiya arxeoloqlarının Uaşaktun parkının az tədqiq edilmiş hissəsində həyata keçirdikləri birgə ekspedisiyanın nəticəsidir. Xüsusi maraq doğuran isə, 33 metr yüksəkliyindəki, rəsmləri və fərqli ikonoqrafiyası ilə seçilən məbəd olub. Bu üslub bölgədə daha əvvəl heç bir yerdə müşahidə edilməmişdi.

Gvatemala Mədəniyyət Nazirliyinin rəyinə görə, bu bölgədəki üç yaxın obyekt əvvəllər məlum olmayan bir "şəhər üçbucağı"nı təşkil edir və Mayya sivilizasiyasının sosial və mərasim təşkilatını daha dəqiq anlamağa imkan yaradır.

Bu yeni kəşf, aprel 2025-ci ildə Teotiuakan mədəniyyətinə aid bir qurbangahın aşkarlanması ilə müşayiət olunan digər arxeoloji nailiyyətləri tamamlayır. Bu isə uzaq Mesoamerika sivilizasiyaları arasında qədim əlaqələri təsdiqləyir və tarixə yeni baxış bucağı təqdim edir.

Nuranə Məmmədova

Bənzər yazılar