Böyük Britaniyada aparılan genişmiqyaslı bir araşdırma göstərib ki, gənclərin demək olar ki, yarısı məlumatı yoxlamaq üçün insanlara deyil, süni intellektə güvənir.
Elchi.az xəbər verir ki, Böyük Britaniyada yaşı 11 ilə 24 arasında olan 4000-dən çox şəxs arasında aparılan sorğu xəbərdarlıq edib ki, əgər məktəblər süni intellektin inkişafına uyğunlaşa bilməsələr, “aktuallıq böhranı” ilə üzləşə bilərlər.
Nəticələr göstərib ki, gənclərin 87%-i süni intellekt vasitələrindən fəal şəkildə istifadə edir və iştirakçıların 47%-i məlumatı yoxlamaq məsələsində insana nisbətən süni intellektə daha çox etibar edəcəklərini bildirib.
Məktəblərin aktuallığı sual altına düşür
Bu genişmiqyaslı istifadə ənənəvi təhsilin şagirdlərin gözündə öz nüfuzunu sürətlə itirməsi ilə bağlı narahatlıqları artırıb.
Süni intellektin məktəb təhsilini daha vacib, yoxsa daha az vacib etdiyi soruşulduqda, iştirakçıların 42%-i onun təhsili daha az vacib etdiyi cavabını verib.
Ser Entoni Seldon və texnologiya sahəsində sahibkar Tim Bantinq tərəfindən birgə hazırlanan hesabatda qeyd olunub ki, Britaniya məktəblərində təhsil hazırda “süni intellektin olmadığı bir dünyaya” – yəni artıq mövcud olmayan bir dünyaya – yönəlib.
Məlumatlar göstərir ki, orta məktəb şagirdlərinin 63%-i ev tapşırıqları üçün süni intellektdən istifadə edir, 77%-i isə çətinlik çəkdikləri mövzuları anlamaq üçün süni intellektə müraciət edir.
Şayəstə





















