Eynulla Fətullayevdən çağırış: "Cəsarətli olun..."

“Hazırda Azərbaycanda jurnalistikanın vəziyyətini nəzərə alaraq hesab edirəm ki, mətbuat öz rolunu yerinə yetirə bilmədi”.
Bunu Moderator.az-aaçıqlamasında tanınmış jurnalist Eynulla Fətullayev “Günəşli” platformasında baş vermiş faciə zamanı media qrumlarının fəaliyyətini qiymətləndirərkən deyib.
O, bildirib ki, media çalışdı, ancaq bacarmadı: “Ölənlərin dəqiq sayını ilk olaraq "Reuters" agentliyi dəqiq açıqladı. Azərbaycanda bir neçə aparıcı informasiya agentlikləri var, ancaq çox təəssüflər olsun ki, onlar da ağızlarına su alıb oturmuşdular, bu haqda heç bir məlumat vermirdilər. Bu onu göstərir ki, ölkədə peşəkar, vicdanlı və eyni zamanda oxucuya xidmət edən jurnalistika ilə bağlı ciddi problem var. Burada faciə baş vermişdi və bu cür faciə Norveçdə, İngiltərədə, eləcə də dünyanın istənilən ölkəsində baş verə bilər. Burada insan tələfatı olub və bu tələfatla bağlı düzgün informasiya vermək lazım idi. Amma ölkənin aparıcı informasiya agentlikləri susurdu. "Reuters" yayırdı məlumatı, sosial şəbəkələrdə də xalq bu məlumatları Azərbaycan agentliklərindən yox, "Reuters"dən alır və həmin məlumatı paylaşırdılar”.
Eynulla Fətullayev, bu məsələdə həmçinin aidiyyati qurumların mətbuat xidmətlərini də qınayıb: “Digər tərəfdən də nazirliklərin, digər orqanların mətbuat xidmətləri susur, danışmır, məlumat vermir, ölkədə informasiya vakumu yaranır və bu da çox təhlükəli sindromdur. Çünki sabah başqa bir hadisə baş verə bilər. Bu cür situasiya dövlətə qarşı bir informasiya hücumu üçün, şaiyələrin, dedi-qoduların, məqsədyönlü məlumatların ötürülməsi üçün münbit şərait yaradan situasiyadır. Bu gün Əflatun Amaşov da bunu etiraf etdi. Bu gün əksəriyyəti Azərbaycan agentliklərinin susduğunu etiraf etdi".
Sonda E.Fətullayev bu və ya digər hadisələr baş verdikdə jurnalistlərə daha cəsarətli olmağı tövsiyyə edib: “Gələcəkdə belə situasiyaların yaranmaması üçün həm dövlət, həm də dövlət orqanlarının mətbuat xidmətləri daha vicdanlı, jurnalistlər isə daha cəsarətli olmalıdır. Hətta dövlət orqanlarının mətbuat orqanları məlumat vermirlərsə belə jurnalist informasiyanın doğruluğuna inanırsa cəsrətli olub informasiyanı yaymalıdır. İnformasiyanın doğruluğuna əsas jurnalist özü əmin olmalıdır, bunun üçün də bir məlumatı üç dörd mənbədən təsdiq etməlidir, dəqiqliyini yoxlamalıdır. Əfsuslar olsun ki, bizim mətbuat camiəsində cəsarət yoxdur”.