APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstanın 29 rayon və şəhərində fəaliyyət göstərən incəsənət məktəblərinin nümayəndələri iştirak ediblər. Tədbirdə Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili, Gürcüstanın Elm və Təhsil Nazirliyinin incəsənət və mədəniyyət departamentinin rəhbəri İrina Saqanelidze, Marneuli rayon icra hakimiyyətinin rəhbəri Merab Topçişvili, bəstəkar Manana Alpaidze və “BMT Asosiyasiyası” təşkilatının media əlaqələndiricisi Maka Çiçua çıxış edib. Marneuli rayon icra hakimiyyətinin başçısı Merab Topçişvili çıxışında son illər Marneulinin etnik azlıqların mədəniyyət mərkəzinə çevrildiyini bildirib.
Marneuli Mədəniyyət Evində baş tutan konsertdə əsasən klassik musiqilər səsləndirilib. Tədbirdə Bolnisi, Marneuli, Qardabani və Rustavidən gələn gənc azərbaycanlı musiqiçilər də iştirak edərək müxtəlif janrlarda Azərbaycan və gürcü musiqilərini səsləndiriblər. Festivalda ən istedadlı gənc musiqiçilərə diplom və hədiyyələr təqdim edilib.