
AZE – Azərbaycan Milli QHT Forumunun üzv təşkilatının təmsilçisi Nigar Ramazanova 1 oktyabr tarixində Cenevrə şəhərində BMT-nin İnsan Hüquqları Şurasının 63-cü sessiyası çərçivəsində keçirilən iclasda çıxış edib.
Elchi.az-ın xəbərinə görə, N.Ramazanova bildirib ki, davamlı sülh və insan hüquqları cəzasızlığın olduğu şəraitdə mümkün deyil:
“Bu günə qədər münaqişə və işğal illərində azərbaycanlılara qarşı ağır cinayətlər törətmiş və hazırda Ermənistanda yaşayan şəxslərdən heç biri məsuliyyətə cəlb edilməyib. Əksinə, Ermənistan cəmiyyətinin bəzi təbəqələri həmin şəxsləri qəhrəman kimi təqdim edir. Cinayət törədən şəxslərin cəzasız qalması beynəlxalq ədalətə ziddir və xalqlar arasında həqiqi barışığa mane olur.
Digər narahatedici məsələ Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasıdır. Azərbaycana qarşı yenidən təcavüzə çağıran və ərazi iddiaları irəli sürən bəzi şəxslər və təşkilatlar hələ də fəaliyyət göstərirlər.
Davamlı sülhə nail olmaq üçün konkret addımlar atılmalıdır. Keçmişdə törədilmiş müharibə cinayətlərinə görə məsuliyyət daşıyan şəxslər qanun qarşısında cavab verməli, zorakılığa çağıran revanşist təşkilatların fəaliyyətinə son qoyulmalı və qonşu ölkələrə qarşı ərazi iddialarını təşviq edən strukturlar ləğv edilməlidir.
Mədəni irs növbəti çox vacib məsələdir. İşğal dövründə Azərbaycan ərazilərindən bir çox qiymətli mədəniyyət nümunələri Ermənistana aparılıb. Dünyada oğurlanmış mədəni sərvətlərin geri qaytarılmasını ehtiva edən çoxsaylı müsbət nümunələr var. Biz də Ermənistanı işğal dövründə oğurlanmış mədəniyyət nümunələrini Azərbaycana geri qaytarmağa çağırırıq.
Həmçinin onu da qeyd etmək istəyirəm ki, “Christian Solidarity International” adlı təşkilatın Azərbaycanı hədəf alan əsassız bəyanat və fəaliyyətləri Azərbaycan və Ermənistan arasında hazırda davam edən sülh və normallaşma prosesinə mənfi təsir edir”.
0fb14886-0de9-4d95-ab09-7cfa32b0c454





















