“Azərbaycan dövlətinin Ermənistanın işğal dövründə vurduğu zərərə görə beynəlxalq məhkəməyə rəsmi şəkildə təzminat ödəməsi üçün iddia qaldırdığı elan edildi. Bu tələbin Ermənistanən qorxulu yuxusu olduğunu deməyə ehtiyac yoxdur. Təzminat tələbi tək Ermənistanın yox, onun havadarlarının da əl-qolunu bağlayan tələb olacaq. Bu məsələnin strateji məsələ olduğu gerçəyini uzun zamandan bura vurğulayırıq”.
Bu barədə Elchi.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov FB hesabında qeyd edib:
“Azərbaycan-Ermənistan arasındakı probleminin bir nömrəli həll yolu təzminat tələbidir. Bu tələb tək Azərbaycan üçün Türkiyə üçün də vacib və həlledici tələbdir.
Azərbaycan və Türkiyə artıq heç bir beynəlxalq qanunlar çərçivəsindən kənara çıxmadan bu tələbi etməklə Ermənistan və onun arxasındakı qüvvələrin iddialarını heçə endirə bilər.
Türkiyəyə qarşı edilən saxta “soyqırım” iddiasından tutmuş, Qarabağ ermənilərinə müstəqillik tələblərinə kimi bütün iddiaların geri götürülməsi məcburi hal alacaq.
Ermənistan ödəməyə məhkum ediləcək milyardlarla təzminat qarşısında bütün tələblərindən öz razılığı ilə əl çəkəcək. Təbii ki, bu, ona təzminatdan yayınmaq üçün bəhanə verməyəcək. Tələb olunan təzminat mütləq ödənilməyə tabe tutulacaq. Bu isə Ermənistan üçün praktiki olaraq mümkün olmayan iş olacaq.
Azərbaycan üçün bunun müqabilində torpaq tələbi məsələnin bir tərəfidir. Azərbaycan bir neçə on illiklər bu təzminatın müqabilində Ermənistanın bir çox iqtisadi, təbii ehtiyatları və infrastruktur sahələrinin gəlirlərini öz idarəçiliyinə ala bilər ki, zərəri təmin etsin. Bu, beynəlxalq praktikada həmişə mövcud olub. Məsələn, Rusiya indinin özündə Ermənistanın borcları qarşılığında bir çox sahələrini bu yolla ələ alıb”.
Yeganə