Sea Breeze ərazisindəki akvaparkda baş verən bədbəxt hadisə nəticəsində bir uşaq həyatını itirib.
Elchi.az xəbər verir ki, bu barədə “Sea Breeze”in sahibi və təsisçisi, “Agalarov Development”in prezidenti Emin Ağalarov açıqlama yayıb.
O, hadisə ilə bağlı uşağın ailəsinə başsağlığı verib:
“Şəxsən öz adımdan və bütün “Sea Breeze” komandası adından ailəyə ən dərin və səmimi başsağlığımı bildirirəm. Belə bir məqamda valideynlərin və yaxınlarının ağrısını yüngülləşdirə biləcək söz tapmaq mümkün deyil”.
Emin Ağalarov bildirib ki, hazırda hadisənin bütün halları araşdırılır. O, uşağın hovuzun texniki zonasına – qoruyucu hasarların arxasında su nasoslarının işlədiyi əraziyə necə düşdüyünün müəyyənləşdirildiyini qeyd edib.
“Biz öz tərəfimizdən istintaqa hərtərəfli yardım göstəririk”, – deyə o vurğulayıb.
E.Ağalarovun sözlərinə görə, uşaqların və böyüklərin təhlükəsizliyi “Sea Breeze” üçün hər zaman əsas prioritet olub və olaraq qalır.
“Kurortun bütün əraziləri və obyektləri Fövqəladə Hallar Nazirliyi və aidiyyəti qurumlar tərəfindən mütəmadi olaraq yoxlanılır. Akvapark üçüncü mövsümdür fəaliyyət göstərir və bu müddət ərzində 350 mindən çox qonaq qəbul edib.
Baş vermiş hadisə ilə əlaqədar bütün təhlükəsizlik tədbirləri əlavə olaraq yenidən yoxlanılacaq və gücləndiriləcək.
“Sea Breeze” komandası və şəxsən mən ailəyə bütün lazımi dəstəyi və yardımı göstərəcəyik”, – deyə Emin Ağalarov bildirib.





















