Avqust ayında orta yer səthi temperaturu 16,96 dərəcəyə çataraq, onu qeydə alınan ən isti ay etdi.
Elchi.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) Kopernik İqlim Dəyişikliyi Xidməti (C3S) 2026-cı ilin avqust ayı üçün qlobal temperatur məlumatlarını açıqladı.
Məlumatlara əsasən, avqust ayında qlobal orta yer səthi hava temperaturu 16,96 dərəcə səviyyəsində qeydə alınıb. Bu göstərici 1991–2020-ci illər dövrünün avqust ayı üzrə orta göstəricisindən 0,85 dərəcə yüksək olub.
2026-cı ilin avqustunda ölçülən temperatur 2023-cü ilin iyulunda qeydə alınan 16,95 dərəcəlik göstəricini üstələyərək, onu qeydə alınan ən isti ay edib.
Ötən ay qlobal temperatur həmçinin sənayeləşmədən əvvəlki dövrün (1850–1900-cü illər) orta göstəricisindən 1,65 dərəcə yüksək olub. Nəticədə, avqust ayında aylıq temperatur artımı 2025-ci ilin noyabrından bəri ilk dəfə olaraq 1,5 dərəcəlik həddi keçib.
İyun-avqust aylarını əhatə edən yay mövsümü də qlobal miqyasda (2024-cü illə birlikdə) qeydə alınan ən isti yay olub və 1991–2020-ci illərin orta göstəricisini 0,69 dərəcə üstələyib.
Avropa miqyasında avqust ayı üçün orta temperatur 20,26 dərəcə təşkil edib. Bu göstərici 1991–2020-ci illərin orta səviyyəsindən 1,10 dərəcə yüksək olsa da, 2026-cı ilin avqustu qitədə indiyədək qeydə alınan ən isti dördüncü avqust ayı kimi tarixə düşüb.
Avropada orta yay temperaturu normadan 1,17 dərəcə yüksək qeydə alınıb. Beləliklə, 2026-cı ilin yayı 2024 və 2022-ci illərin yaylarından sonra qitədə qeydə alınan üçüncü ən isti yay kimi müəyyən edilib.
Qərbi Avropa 2003-cü ilin rekordunu geridə qoyaraq, qeydə alınan ən isti yay mövsümünü yaşayıb.
Şayəstə





















