Çin heroqliflərini və ingilis əlifbasını tanıya bilən, elm dünyasında “dahi” adlandırılan şimpanze Ai 49 yaşında həyatını itirib. Yaponiyanın Kioto Universiteti Ai-nin cümə günü yaşlılığa bağlı çoxsaylı orqan çatışmazlığı səbəbindən öldüyünü açıqlayıb.
Elchi.az xəbər verir ki, Yapon dilində “sevgi” mənasını verən Ai 1977-ci ildə Qərbi Afrikadan Yaponiyaya gətirilmişdi. Primatoloq Tetsuro Matsuzavanın apardığı tədqiqatlar zamanı Ai bilişsel (idrak) qabiliyyətləri ilə bütün dünyanı heyrətləndirmişdi.
Ai-nin akademik uğurları təkcə dillərlə məhdudlaşmırdı:
— 100-dən çox Çin heroqlifini və bütün ingilis əlifbasını tanıyırdı.
— 0-dan 9-a qədər ərəb rəqəmlərini və 11 fərqli rəngi ayırd edə bilirdi.
— Kompüter ekranında “çəhrayı” işarəsini gördükdə variantlar arasından çəhrayı kvadratı seçirdi. Alma gördükdə isə ekrandakı həndəsi fiqurlardan istifadə edərək “virtual alma” çəkə bilirdi.
Kioto Universitetinin tədqiqatçıları bildiriblər ki, Ai son dərəcə maraqlı idi və tədqiqatlarda fəal iştirak edərək şimpanze zəkasının daha əvvəl bilinməyən cəhətlərini ilk dəfə üzə çıxarıb.
Ai-nin həyatı boyu əldə olunan nəticələr Nature kimi nüfuzlu elmi jurnallarda dərc olunub və çoxsaylı sənədli filmlərə mövzu olub.
Məryəm





















