Cinayətdə adı hallanan "City Hospital"ın rəhbərinin oğlu həbs edilib
Zərərçəkmişlərin qardaşı istintaqın gedişindən razıdır; Bayram Qorçuyev barışıq təklif edir
"Yeni Müsavat" qəzetinin 14 avqust 2014-cü il tarixli sayında "City Hospital"ın direktoru Bayram Qorçuyevin oğlu Cavidan Qorçuyevin başçılıq etdiyi idmançılardan ibarət "qoçu" dəstənin Azər və Aslan Cəfərov qardaşlarını, eləcə də, onların qonşusu Telman Nuriyevi bıçaqlamaları ilə bağlı məlumat vermişdik. Hadisə 6 avqust tarixində baş versə də, cinayətdə adı hallanan şəxslərin heç biri məsuliyyətə cəlb olunmamışdı.
Qəzetimizdə gedən "City Hospital" rəhbərinə və oğluna qarşı tükürpədici" iddialar başlıqlı yazıdan sonra Cavidan Qorçuyev həbs olunub. Bu barədə musavat.com-a zərərçəkmişlərin qardaşı Samir Cəfərov məlumat verib. O, bildirib ki, hazırda istintaq istədikləri şəkildə aparılır: "Yeni Müsavat" rəhbərliyinə bizə kömək etdiklərinə görə, öz dərin təşəkkürümü bildirirəm. Məhz sizin yazından bir gün sonra qardaşlarımın bıçaqlanmasına birbaşa rəhbərlik edən Cavidan Qorçuyev həbs olundu. Müstəntiqin özü bu barədə bizə zəng vurdu. İndi bizdən möhlət istəyiblər ki, digər cinayətdə iştirak edənlərdə həbs ediləcək. Sizin yazıdan sonra bizdə çox rahatçılıq oldu. İnanırdıq ki, qardaşlarımızın qanı batmayacaq. Bayram Qorçuyev tərəf bizimlə anlaşmaq, üzr istəmək üçün danışıqlar aparmaq istəyir. Biz digər cinayətin iştirakçısı olan insanların da həbs edilməsini tələb edirik".
Samir Cəfərov: " Yeni Müsavat" rəhbərliyinə bizə kömək etdiklərinə görə, öz dərin təşəkkürümü bildirirəm" |