Çin və Avropa İttifaqı Ümumdünya Ticarət Təşkilatının (ÜTT) normalarına uyğun olaraq hibrid avtomobillərin ticarəti məsələləri üzrə “anlaşma” əldə ediblər.
Elchi.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi Pekində keçirilən ikigünlük danışıqların yekunlarına dair məlumat yayıb.
Danışıqlarda Çinin ticarət naziri Van Ventao və Aİ-nin ticarət üzrə komissarı Maroş Şefçoviç iştirak ediblər. Tərəflər Aİ-nin Çin ilə ticarətdə kəsirinin gündə 1 milyard avronu ötdüyü bir fonda ticarət disbalansının tənzimlənməsi tədbirlərini müzakirə ediblər.
Danışıqlar Çinin elektrik şəbəkəsindən doldurulan hibrid avtomobillərinin (PHEV) Avropaya tədarükünün artması fonunda baş tutub. Sentyabr ayına qədər olan bir il ərzində onların idxal həcmi 86% artıb, qiymətləri 20% enib, Çinin bu seqmentdəki payı isə 50%-i ötüb.
Avtomobil sənayesi ilə yanaşı, tərəflər elektromobillərə dair qiymət öhdəlikləri üzrə məsləhətləşmələri davam etdirmək, rüsumların qarşılıqlı azaldılması imkanlarını araşdırmaq və tibbi avadanlıqlar bazarına çıxışı müzakirə etmək barədə razılığa gəliblər.
Növbəti danışıqlar raundları 2027-ci ilin yanvar və mart aylarına planlaşdırılıb.
Məryəm





















