Çinin suverenlik mübahisəsi olan Tayvan ətrafında başlatdığı hərbi təlimlər ikinci gündür davam edir.
Elchi.az xəbər verir ki, Tayvanın yerləşdiyi bölgəyə cavabdeh olan Xalq Azadlıq Ordusunun (XAO) Şərq Cəbhəsi Komandanlığının sözçüsü kapitan Li Xi bildirib ki, komandanlığa tabe olan quru bölmələri səhər saatlarında adanın şimalındakı sularda yerləşdirilən hədəflərə qarşı uzun mənzilli atəş təlimləri keçirib.
Digər tərəfdən, komandanlığın ayrıca bir açıqlamasında təlimlərin dəniz hədəflərinə qarşı hücum simulyasiyalarını, eləcə də hava hücumundan müdafiə və sualtı müdafiə əməliyyatlarını əhatə edəcəyi bildirilib.
Dünən Şərq Cəbhəsi Komandanlığı Tayvan adasının şimal, cənub-qərb, cənub-şərq və şərq bölgələrində esminetslər, freqatlar, qırıcı təyyarələr, bombardmançılar və pilotsuz uçuş aparatlarını əhatə edən hərtərəfli hərbi təlimin başladığını elan etdi.
“Ədalət Missiyası 2025” kod adı verilən təlimin hava-dəniz döyüş hazırlığı patrullarına, hərtərəfli üstünlüyə nail olmağa, əsas limanları və əraziləri blokada etməyə və ada zəncirindən kənar müdaxilələrə qarşı tam miqyaslı çəkindirməyə yönəldiyi bildirilir. Hərbi təlimlə eyni vaxtda, Tayvanın qarşısında yerləşən Çinin Fujian əyalətinin sahil mühafizəsi Tayvan adası ətrafında “hüquq-mühafizə patrulları” apardığını elan etdi.
Şayəstə





















