Hindistanın idarə etdiyi Cammu və Kəşmirdə güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində 30 nəfər ölüb.
Elchi.az Hindustan Times-a istinadən xəbər verir ki, Cammu və Kəşmirdə yağan güclü yağışlar sel və torpaq sürüşməsinə səbəb olub.
Səlahiyyətlilər yağışların yaratdığı fəlakətlər nəticəsində 30 nəfərin öldüyünü açıqlayıb.
Yağışlar həmçinin infrastruktura ciddi ziyan vurub, körpülərin dağılmasına, elektrik enerjisinin kəsilməsinə və telekommunikasiya şəbəkələrinin sıradan çıxmasına səbəb olub.
Dəmir yolu və avtomobil nəqliyyatı da pozulub, bəzi yollar bağlanıb və bir çox qatar reysləri ləğv edilib.
Xilasetmə əməliyyatları çərçivəsində seldən zərər çəkmiş ərazilərdən 3500-dən çox sakin təxliyə edilib.
Rayonun bütün məktəbləri avqustun 27-dək bağlanıb, imtahanlar dayandırılıb. İyun-sentyabr ayları arasında Cənubi Asiyaya təsir edən musson yağışları bölgə ölkələrində, xüsusilə Hindistanda hər il böyük təbii fəlakətlərə və qəzalara səbəb olur. İyunun 26-dan bəri Pakistanda baş verən daşqınlar 800-dən çox insanın, Hindistanın Himaçal-Pradeş əyalətində isə iyunun əvvəlindən bəri təxminən 300 nəfərin ölümünə səbəb olub.
Şayəstə Hüseynova


















