Braziliya prezidenti Luiz İnasio Lula da Silva Cənubi Afrikada keçirilən “BRİKS” sammitində Rusiya lideri Vladimir Putinlə şəxsən danışmaq istəyib. Elchi.az xəbər verir ki, bu barədə “TimesLIVE” qəzeti məlumat yayıb.
“Rusiyanın xarici işlər naziri Sergey Lavrov çox vacib və təcrübəli diplomatdır, lakin Rusiyanın bu görüşdə onların prezidenti ilə iştirakı çox vacib olardı. Biz mühüm dünya məsələlərini müzakirə edəcəyik və mən çox istərdim ki, onları prezident Putinlə şəxsən müzakirə etmək imkanım olsun”, – deyə braziliyalı siyasətçi bildirib.
Onun sözlərinə görə, hazırkı sammitdə qəbul edilən qərarlar “G20” və BMT Baş Assambleyası kimi digər beynəlxalq təşkilatlara və forumlara da təsir edəcək.
Bundan əvvəl Braziliya hakimiyyəti Rusiyasız Ukrayna üzrə danışıqların mümkünsüzlüyünü bəyan edib. Braziliya prezidentinin müşaviri Selso Amorim bildirib ki, istənilən real danışıqlar münaqişənin bütün tərəflərini əhatə etməlidir.
Havar Şəfiyeva