Rusiyanın hərbi sənaye kompleksi ilə əlaqəli 86 şəxs və şirkətə sanksiya tətbiq olunacaq.
Elchi.az “Tass “xəbər agentliyinə istinadən xəbər verir ki, Böyük Britaniya hökuməti Rusiyadan Rusiya istehsalı olan mis, alüminium və nikelin, habelə almazların idxalına qadağa qoyur. Bu barədə cümə axşamı Böyük Britaniyanın baş naziri Rişi Sunakın ofisinin yaydığı bəyanatda deyilib.
“Biz bu ilin sonunda Rusiya almazlarının idxalını qanuni olaraq qadağan edəcəyik və Rusiya dəmir və poladına mövcud qadağalara əsaslanaraq, Rusiya mənşəli mis, alüminium və nikel idxalını tamamilə dayandıracağıq”, – sənəddə deyilir. Xatırladaq ki, 2022-ci ilin yazında London artıq Rusiyanın almaz hasilatı ilə məşğul olan “Alrosa” şirkətinə qarşı sanksiyalar tətbiq edib və Rusiya istehsalı olan brilyantlara əlavə 35% rüsum tətbiq edib. Rusiya Federasiyasından almaz, mis, nikel və alüminium idxalına qoyulan qadağaların qüvvəyə minmə tarixləri göstərilmir.
Bəyanatda həmçinin bildirilir ki, Böyük Britaniya 86 rusiyalı fiziki şəxsə və hərbi-sənaye kompleksinə və Rusiya Federasiyasının büdcəsini ixrac gəlirləri ilə təmin edən sektorlara aid şirkətlərə məhdudiyyətlər tətbiq edəcək.
Bu bəyanat Yaponiyanın Xirosima şəhərində “Yeddilik Qrupu”nun (G7) üçgünlük sammitinin açılışı ərəfəsində yayılıb. Sunakın sözlərinə görə, “Böyük yeddilik Rusiyadan gələn təhlükə qarşısında vahid olaraq qalır və Ukraynaya dəstəyində sarsılmazdır”.
Ümumilikdə 1,5 mindən çox fiziki və hüquqi şəxs Böyük Britaniyanın Rusiyaya qarşı sanksiyalar siyahısındadır. Sunakın ofisi verdiyi açıqlamada ,krallığın 18 milyard funt sterlinqdən (22,3 milyard dollar) çox qara siyahıya düşən şəxslərin aktivlərini dondurduğunu bildirib.
Nuranə Məmmədova