“İranla nüvə sazişinin bərpası hazırda Vaşinqton və Tehran arasında danışıqlar masasında deyil”.
Elchi.az-ın “Armenpress”ə istinadən məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Vaşinqtonda Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə danışıqların yekunlarına həsr olunmuş birgə mətbuat konfransında deyib.
“JCPOA-ya (Birgə Kompleks Fəaliyyət Planına) gəlincə, iranlılar bu razılaşmaya tez bir zamanda qayıtmaq imkanını bir neçə ay əvvəl “öldürdülər”. Onların rədd etdikləri bir fürsət var idi, bu fürsət bütün iştirakçı tərəflər tərəfindən müsbət qarşılandı: avropalılar, ABŞ, Rusiya və Çin.
Biz diqqətimizi İranda baş verən hadisələrə yönəldirik. İranın Ukraynada günahsız insanlara və enerji şəbəkəsinə qarşı istifadə üçün Rusiyaya silah tədarükü baxımından hərəkətlərinə diqqət yetiririk.
Və təbii ki, biz diqqəti onun regionda sabitliyi pozan digər hərəkətlərinə yönəldirik”, – deyə ABŞ dövlət katibi bildirib.
Blinken əlavə edib ki, ABŞ-ın diqqət mərkəzində həm də prezident Baydenin İranda nüvə silahının görünməsinə heç vaxt icazə verməmək öhdəliyi dayanır:
“Biz inanmaqda davam edirik ki, diplomatiya buna nail olmağın ən effektiv yoludur”.
BMT Təhlükəsizlik Şurasının daimi beşliyi və Almaniya Tehranın nüvə inkişafı ilə bağlı böhrandan çıxmaq üçün 2015-ci ildə İranla nüvə sazişi imzalayıb. 2018-ci ildə ABŞ-ın əvvəlki prezidenti Respublikaçı Donald Tramp sazişdən çıxmaq qərarına gəlib. ABŞ-ın hazırkı prezidenti Co Bayden Vaşinqtonun Tehranla nüvə sazişinə qayıtmağa hazır olduğunu dəfələrlə bəyan edib.
Yeganə