BAXCP Ali Məclisinin növbəti iclası keçirilib

83

QÜDRƏT HƏSƏNQULİYEV: “AZƏRBAYCAN HEÇ KİMƏ MÜRACİƏT ETMƏDƏN VƏ HEÇ BİR TƏRƏFİN MÜNASİBƏTİNİ NƏZƏRƏ ALMADAN LAÇIN YOLUNUN BAŞLANĞICINDA DÖVLƏT SƏRHƏDDİNİ VƏ LAÇIN YOLU ÜZƏRİNDƏ AZƏRBAYCAN DÖVLƏTİNİN NƏZARƏTİNİ TAM BƏRPA ETMƏLİDİR”

Bu gün, martın 11-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Ali Məclisinin növbəti iclası keçirilib. İclasda təşkilat məsələləri, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub. Təşkilat məsələrinin müzakirəsi çərçivəsində BAXCP Ali Məclisinin reqlamentinə uyğun olaraq, Ailə, qadın və uşaq məsələləri, Qarabağ, Elm və təhsil, İqtisadiyyat, sosial siyasət, səhiyyə və gənclər komitələrinin yenidən formalaşdırılması ilə bağlı qərar qəbul edib. Sözügedən komitələrin sədrləri seçilib və komitə üzvlərinin namizədliklərinin müəyyənləşdirilməsi və Ali Məclisin növbəti iclasında müzakirəyə çıxarılması ilə bağlı təkliflərin hazırlanması yeni seçilən komitə sədrlərinə həvalə olunub.

Növbəti, ictimai-siyasi vəziyyətlə bağlı məsələnin müzakirəsi zamanı BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev məruzə ilə çıxış edib. Yeni “Siyasi partiyalar haqqında” Qanunun tələblərindən söz açan BAXCP sədri bu istiqamətdə görülən işlərin qənaətbəxş olduğunu bildirib və qeyd edib ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası mərkəzi və yerli strukturları öz vəzifələrini məsuliyyətlə icra edir və sistemli fəaliyyət göstərirlər.

Qüdrət Həsənquliyev məruzəsində Ali Məclis üzvlərini və bütövlükdə cəmiyyətimizi narahat edən əsas istiqamətə – Azərbaycan-Ermənistan münasibətlərinin normalaşdırlması prosesinə və etnik erməni azlığının yaşadığı, Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına daxil olan Azərbaycan ərazilərində baş verənlərə də diqqət çəkib. BAXCP sədri qeyd edib ki, Ermənistan Azərbaycanın irəli sürdüyü və beynəlxalq hüququn norma və prinsiplərini əks etdirən prinsipləri sözdə qəbul etdiyini bildirsə də, bu prinsiplər əsasında sülh müqaviləsinin hazırlanmasına və imzalanmasına qarşı çıxış edir: “Ermənistan sülh müqaviləsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində, Qarabağda yaşayan erməni azlıqla bağlı müddəanın yer almasına və bu məqsədlə ölkəmizə qarşı təzyiqlərin stimullaşdırılmasına çalışır. Hər kəsə məlumdur ki, vaxtilə Qarabağda separatizmı Ermənistan stmimullaşdırıb və 30 ilə yaxın Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxlayıb. 44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu bu torpaqların 16-16,5%-ni işğaldan azad etməklə tarixi qələbəyə imza atıb. Təxminən 3,5% ərazimiz isə hazırda 10 noyabr 2020-ci il bəyanatının müddəalarına əsasən Rusiya sülhməramlılarının məsuliyyət zonasına daxil olsa da, orada separatçı rejim, qanunsuz hərbi birləşmələr hələ də öz mövcudluqlarını qoruyub saxlayırlar və sözgüdən bəyanatdan irəli gələn digər öhdəliklərin, o cümlədən qanunsuz silahlı qrupların ölkəmizin ərazisindən çıxarılması ilə bağlı öhdəlik götürən tərəflər – Rusiya və Ermənistan bu istiqamətdə heç bir addım atmırlar. Mövcud reallıq isə onu deməyə əsas verir ki, Rusiya Azərbaycanın ölkənin erməni azlığının məskunlaşdığı ərazisi üzərində suveren hüquqlarını bərpa etməkdə maraqlı deyil və məsələni təzyiq vasitəsi kimi qoruyub saxlamaq niyyəti güdür”.

Qüdrət Həsənquliyev qeyd edib ki, Azərbaycan heç kimə müraciət etmədən və heç bir tərəfin münasibətini nəzərə almadan Laçın yolunun başlanğıcında dövlət sərhəddini və Laçın yolu üzərində Azərbaycan dövlətinin nəzarətini tam bərpa etməlidir.

BAXCP sədri qonşu İranın Ermənistana verdiyi hərtərəfli dəstəkdən də söz açıb və bildirib ki, molla rejimi Azərbaycanın əsas ərazisi ilə Ermənistan üzərindən keçərək Naxçıvanı birləşdirəcək yolun çəkilməsinə maneə yaratmağa çalışır: “İran iddia edir ki, bu yol guya İran-Ermənistan sərhədini tamamilə rəsmi Tehranın nəzarətindən çıxaracaq. Bu isə tamamilə uydurma bir iddiadır və heç bir məntiqi izahı yoxdur. İranın Ermənistanla olan əlaqələrini təmizə çıxarmaq üçün bəhanə gətirdiyi məsələlərdən biri də Azərbaycan-İsrail münasibətləri ilə bağlıdır. Şübhəsiz ki, bu iddianın da əsası yoxdur. Buna sübut olaraq, çoxsaylı faktlar gətirmək olar. Bunlardan biri də Ali Məclisin sədri, prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədovun İranın vasitəçiliyi ilə Ermənistanla danışıqlar aparmaq üçün Tehranda olduğu zaman ermənilərin Şuşanı işğal etmələridir. Bu hadisədən sonra, İran Ermənistana qarşı danışıqlar prosesini pozduğu və Azərbaycanın daha bir şəhərini işğal etdiyi üçün nəinki heç bir tələb irəli sürmədi, heç bir ciddi bəyanat səsləndirmədi, əksinə işğalçıya daha ciddi dəstək verməyə başladı. Məlum olduğu kimi həmin dövrdə Azərbaycanla İsrail arasında hər hansı bir münasibətdən söhbət gedə bilməzdi. Digər tərəfdən, Azərbaycanın İsraillə münasibətləri, son nəticədə ikincidən ordumuzun hərbi potensialının gücləndirilməsi üçün müasir hərbi texnikanın alınmasına xidmət edib və son nəticədə ermənilərin donuz tövləsinə çevirdiyi məscidlərin də yer aldığı müsəlman torpaqlarının azad olunmasında istifadə olunub. Əgər molla rejimi hesab edirsə ki, biz yaxşı müsəlman deyilik, o zaman qoy özləri yaxşı müsəlman olsunlar və Ermənistana dəstək verməkdən əl çəksinlər”.

BAXCP sədri erməni separatizminin və işğalının yaratdığı problemin uzun illər boyu ölkənin inkişafına mane olduğunu da vurğulayıb. Qüfrət Həsənquliyev təəssüflə qeyd edib ki, ölkəmizdə hələ də real bazar münasibətlərinə söykənən iqtisadiyyat formalaşmayıb. Dövlət yenə də əsas sahələrdə inhisarçı kimi çıxış edir: “Biz hər zaman dövlətin inhisarında olan sahələrin özəlləşdirilməsinin və qeyri-neft sektorunun real inkişafının tərəfdarı kimi çıxış etmişik. Bu gün də eyni mövqedə qalırıq. Dövlət inhisarının olduğu yerdə rəqabət ola bilməz, rəqabət olmayan yerdə isə real inkişafdan söz açmaq mümkün deyil”.

Məhkəmə-hüquq sistemindəki vəziyyətə diqqət çəkən BAXCP sədri, bu səhədə də islahatların real məzmun kəsb etmədiyini vurğulayıb və qeyd edib ki, hazırda məhkəmə hakimiyyəti icra hakimiyyətinin bir qolu kimi çıxış edir. Qüdrət Həsənquliyevin sözlərinə görə, ölkədə məhkəmələrin müstəqilliyini təmin etmək və mövcud digər problemləri aradan qaldırmaq üçün konstitusiya islahatları həyata keçirilməlidir”.

BAXCP sədrinin məruzəsindən sonra, partiyanın baş katibi Yaşar Kələntərli, Ali Məclisin sədri Vaqif Abışov, Ali Məclis sədrinin müavinləri Faiq İsmayılov və Bəhruz Cabbarlı çıxış edərək, təşkilat məsələləri və ictimai-siyasi vəziyyətlə bağlı öz fikirlərini səsləndiriblər. Daha sonra Qüdrət Həsənquliyev Ali Məclis üzvlərinin suallarını cavablandırıb. Bununla da BAXCP Ali Məclisinin növbəti iclası öz işini başa çatdırıb.