BMT Təhlükəsizlik Şurasında bizim əməkdaşlığımız çox vacibdir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvi olmuşdur və orada da Ukrayna daim müdafiə edilmişdir. Mən Sizi əmin edə bilərəm ki, bu gün Ukrayna 2016-2017-ci illər üzrə həmin mövqedədir və Azərbaycanın mövqeyi də orada müdafiə ediləcək. Bundan əlavə, biz Azərbaycanın GUAM təşkilatında sədrlik məsələsini də müzakirə etdik.
Bu sözləri Ukrayna Prezidenti Pyotr Poroşenko azərbaycanlı həmkarı İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında bildirib.
“Biz danışıqlar zamanı ölkələrimiz üçün digər maraqlı məsələləri müzakirə etdik. Ölkələrimizin qarşılıqlı şəkildə suverenliyi və ərazi bütövlüyünün müdafiəsi məsələsini müzakirə etdik. Ukrayna Dağlıq Qarabağın statusu ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir və böyük məmnuniyyətlə biz bilirik ki, Azərbaycan da Ukraynanın ərazi bütövlüyü məsələsində birmənalı mövqe tutur.
Prezidentlər Şurasının Beşinci İclasının nəticələrini bir daha yüksək qiymətləndirirəm. Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə bu çox səmimi atmosferin yaradılmasına və yüksək səviyyədə danışıqların aparılmasına görə təşəkkürümü bildirirəm”, – Poroşenko bildirib.