Bəhreynin Ali Cinayət Məhkəməsində çərşənbə akşamı SEPAH-ın xeyrinə casusluq etməkdə, İranın ölkəyə hücumlarını dəstəkləməkdə, habelə bu hücumlarla eyni vaxtda baş vermiş zorakılıq və dağıntı törətməkdə ittiham olunan 24 nəfər barəsində hökm oxunub.
Elchi.az xəbər verir ki, bu barədə “Asharq Al-Awsat” məlumat yayıb.
Məhkum olunmuş şəxslərdən üçü ömürlük həbs cəzası alıb, on nəfər 10 ilə qədər müddətə azadlıqdan məhrum edilib, həmçinin cərimələr və əmlakın müsadirəsi təyin olunub. Üç nəfər isə cəzasını çəkdikdən sonra ölkədən deportasiya ediləcək.
Terrorizm işləri üzrə prokurorluğun rəhbəri bildirib ki, əsas işlərdən biri sosial şəbəkələr vasitəsilə casusluqda təqsirli bilinən qadınla bağlı olub: o, Bəhreynin strateji əhəmiyyətli obyektlərinin fotoşəkillərini və koordinatlarını, eləcə də ölkənin hərbi, siyasi və iqtisadi potensialı üçün təhlükəli hesab edilən materialları paylaşıb. Məhkəmə onu ömürlük həbs cəzasına məhkum edib.
Digər bir iş üzrə aparılan araşdırma göstərib ki, İranın kəşfiyyat xidmətləri və SEPAH terror qruplaşmalarının liderlərini Bəhreyndəki strateji obyektləri müşahidə etmək üçün istiqamətləndirib.
Prokurorluq rəhbəri vurğulayıb ki, dövlət təhlükəsizliyinə və ictimai asayişə qarşı bu növ cinayətlər ciddi şəkildə cəzalandırılır, sosial şəbəkələrdən terror əməllərinə bəraət qazandırmaq və ya qadağan olunmuş məlumatları yaymaq üçün istifadə edilməsi cinayət məsuliyyəti yaradır.
Məryəm





















