Bu gün “Ukraynanın Bərpası Konfransı” çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov polşalı həmkarı Radoslav Sikorski ilə görüşüb.
Elchi.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı tərəflər Polşa-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətini və inkişaf perspektivlərini nəzərdən keçiriblər. Dialoqun əsas mövzularını praqmatik əməkdaşlığın gücləndirilməsi, habelə iki ölkə arasında hazırlanması nəzərdə tutulan yeni saziş layihələri üzərində işin sürətləndirilməsi təşkil edib.
Nazirlər cari regional və beynəlxalq gündəliyə dair fikir mübadiləsi aparıblar. Görüşdə Ukraynaya göstərilən dəstək məsələləri, eləcə də Cənubi Qafqazda mövcud vəziyyət və bölgədəki inkişaf dinamikası ətraflı müzakirə olunub. Ceyhun Bayramov regiondakı proseslərlə bağlı Azərbaycan tərəfinin mövqeyini və qiymətləndirmələrini qarşı tərəfin diqqətinə çatdırıb.

.jpg)




















