Azərbaycan və Keniya arasında münasibətlərin inkişaf dinamikası və parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi müzakirə olunub.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev və Keniya Milli Assambleyasının sədri Moses Vetangula ilə görüşdə söhbət aparılıb.
Səfir Sultan Hacıyev bu il Keniya Senatında Azərbaycanla parlamentlərarası dostluq qrupunun, eyni zamanda, Azərbaycanın Milli Məclisində Keniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun təsis olunduğunu xatırladıb. O, Keniya Milli Assambleyasında da yaxın zamanda Azərbaycan parlamenti ilə işçi qrupun fəaliyyətə başlayacağına ümid etdiyini bildirib.
Səfir, həmçinin iki ölkənin parlamentlərinin beynəlxalq müstəvidə mövcud fəal əməkdaşlığının cari ildə Tanzaniyanın Aruşa şəhərində keçiriləcək Parlamentlərarası İttifaqın 153-cü Assambleyası çərçivəsində davam etdirilməsinin vacibliyini vurğulayıb.
Milli Assambleyanın sədri Moses Vetangula iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın daha da inkişafı üçün əlverişli şəraitin olduğunu və bununla əlaqədar prosesləri dəstəklədiyini qeyd edib. O, Keniya Prezidenti Uilyam Samoei Rutonun BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak etmək üçün Bakıya səfərinin əhəmiyyətini vurğulayıb.
Sədr Azərbaycanın təşəbbüsü ilə təsis edilən Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyətini, həmçinin bir çox digər beynəlxalq təşkilatlarda Milli Məclisin təşəbbüs və töhfələrini yüksək qiymətləndirib.





















