Avstraliya və Hindistan bütün sahələrdə, o cümlədən iqtisadiyyat, müdafiə, investisiya, təhsil və tədqiqat sahələrində əməkdaşlığı gücləndirmək və inkişaf etdirmək barədə razılığa gəliblər.
Elchi.az xəbər verir ki, baş nazir Entoni Albanese 2020-ci ilin iyununda qurulan Hindistan-Avstraliya Hərtərəfli Strateji Tərəfdaşlıq sammiti üçün Hindistana 4 günlük səfərini başa vurub.
Albanese və onun hindistanlı həmkarı Narendra Modi sammitdən sonra birgə bəyanat yayaraq, Ukraynadakı münaqişə və humanitar vəziyyətlə bağlı narahatlıqlarını ifadə ediblər.
Baş nazir Albanesenin rəsmi saytında dərc olunan bəyanatda liderlər Ukrayna və Rusiya arasında hərbi əməliyyatları dərhal dayandırmağa və münaqişənin sülh yolu ilə həllinə çağırıblar.
“Münaqişə qlobal iqtisadi sistemdə mövcud zəiflikləri gücləndirir, böyük insan iztirablarına səbəb olur”, – bəyanatda deyilir.
Albanese və Modi keçən ilin dekabr ayında Hindistan-Avstraliya İqtisadi Əməkdaşlıq və Ticarət Sazişinin (ECTA) qüvvəyə minməsindən məmnun qalıblar və ikitərəfli ticarətin şaxələndirilməsi və genişləndirilməsi üçün əhəmiyyətli imkanların olduğu barədə razılığa gəliblər.
Yeganə