“Rusiya-Ukrayna müharibəsi davam etdikcə Avropa ölkələrini daha çox bu müharibənin nəticəsindən asılı vəziyyətə salır. Müharibənin əvvəlində Ukraynaya silah verməyi qəbul etməyən, sonra isə tədricən öz arsenallarında olan köhnə və nisbətən yeni silahları Ukraynaya verən Avropa ölkələri artıq müharibə davam etdikcə, həmin silahların bir qismi sıradan çıxdıqca görürlər ki, silah yardımı davam etməsə Rusiyanın qalib gəlmə ehtimalı artır. Bu baxımdan da silahlanmada olan köhnə silah ehtiyatı tükəndikcə, yeni NATO silahlarının Ukraynaya verilməsi məcburi hal alır”.
Bu fikirləri Elchi.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov söyləyib.
“Avropa ölkələri öz silahlarını Ukraynaya verdikcə daha təhlükəli vəziyyət yaranır. Belə ki, Rusiyanın Ukraynanı məğlub etməsi durumunda artıq onun yolu Avropaya açılır. Avropada ciddi silah çatışmazlıqları fonunda Rusiya nəzəri olaraq asanlıqla ən azı Şərqi Avropanı işğal edə biləcək duruma gəlir. Təbii ki, bu, elə də ciddi proqnoz ola bilməz, amma tərəflərdən birinin yüz minlərlə əsgər itki verməsini gözə alması durumunda ciddi proqnoza çevrilə bilər. İkinci dünya müharibəsində olduğu kimi…
Buna görə də Ukrayna daha müasir silahların veriləcəyinə əmin olmalıdır. NATO Rusiyanın bu müharibədə qələbə çalmasını gözə ala bilməz. Rusiya milyonlarla itki hesabına qələbə çalmağa hazır görünür, amma Avropa və Qərb haqda bunu demək çətin məsələdir”.
Yeganə