Bu aralar gündəmə dair nələrsə yazmaq, hətta doğrusunu deyim ki, göz önündə olmaq istəmirəm. Səbəbini də şəxsi çevrəmdə və ictimai mühitdə olan dost-tanışlar bilir. Son dərəcə ciddi zəhmət, zehni fəaliyyət tələb edən mövzularda tədqiqat aparır, tarix bilincimiz üçün gərəkli olduğunu düşündüyüm bəzi fəlsəfi mövzulara və elmi paradiqmalara aydınlıq gətirmək istəyirəm. Bu qədər dərin mövzuların içində cari gündəmə baş qoşmağın, xüsusən də ictimai maraqlara heç bir töhfəsi olmayan adamlarla ağız-ağıza verməyin vaxt itkisindən başqa bir şey olmadığnı bildiyimdən yeni mediada qarşıma çıxan polemik mövzuların çoxunun üstündən bir təbəssümlə keçirəm.
Ancaq bu o demək deyil ki, sosial şəbəkələr də daxil olmaqla yeni medianın buffonlarını görmürük, onların nələrin müqabilində dəridən-qabıqdan çıxdıqlarını fərq etmirik. Bu cür buffonlardan qorxacağımız, çəkinəcəyimiz yox. Əsl xislətlərini və mahiyyətlərini yeri düşdükcə özlərinə xatırlatmaqdan bizi saxlaya biləcək heç bir qaranlıq işimiz yoxdur həyatda. Kimsənin yanında gözümüz kölgəli, dilimiz gödək deyil. Millətimizin, cəmiyyətimizin, dövlətimizin və imzamızın qarşısında alnımız açıq, üzümüz ağdır. 1995-ci ildən jurnalistika ilə məşğulam. 21 illik media fəaliyyətimin böyük bir qismini rəhbər vəzifələrdə çalışmışam. İki dəfə parlament seçkilərinə qatılmış, real mübarizə aparmışam. Bu günəcən bir yazar kimi səhvlərim də olub. Yaşımın və təcrübəmin azlığından, səmimiliyimdən və idealizmimdən faydalananlar da tapılıb. Amma hətta səhvlərimiz də heç bir halda dövlətin əleyhinə, millətin maraqlarına qarşı, Azərbaycanın daha azad və firəvan olması yönündəki ideallara zidd olmayıb. Rüşvət almamış, mərdimazarlıq etməmiş, kimdənsə-kiməsə xəbər daşımamış, milli-mənəvi dəyərlər sistemimizin qırmızı cizgilərini heç kimə qarşı heç zaman keçməmişik. Heç bir gizli qüvvə ilə əlaqəmiz olmayıb, hansısa leqal və qeyri-leqal mərkəzlərdən idarə olunan kampaniyaların icrasında yer almamışıq. Heç zaman cəmiyyətin biləcəyi təqdirdə başımızı aşağı edəcək işlər tutmamışıq. Bir tikə ruzimizi dürüstlüklə, namusla, şərəflə qazanmışıq. Gerçək bir türk kişisi kimi yaşamışıq. Hər zaman dövlət və millət təəssübkeşliyi ilə mövqeyimizi (səhv və ya doğru olmasından asılı olmayaraq) ifadə etmiş, necə deyərlər, tam şəffaf və prinspial ömür yaşamış, bəzən axına qarşı üzmüş, amma hər zaman ictimai müzakirələrdə rasional məntiqin ön planda olmasına əmək sərf etmişik.
Bütün bunları yazmaqda məqsədim özümə bəraət qazandırmaq, tərif vurmaq, hansısa mümkün tənqidlərin qarşısında zireh geymək deyil. Özünə inanan adamın heç kimin təqdirinə ehtiyacı yoxdur. Üstəlik, həyat dürüst, prinsipial və zəhmetkeş insanları dəyərləndirən və dəstəkləyən mənəviyyatlı adamlardan xali deyil. Jurnalist üçün məhz bu cür insanların diqqəti önəmlidir. Çünki jurnalistsənsə, fikir adamısansa, mövqe sahibisənsə yazdıqlarına hər cür reaksiyalar olacaq. Yetər ki, niyyətin doğru, xarakterin güclü olsun, öz məntiqin və arqumentlərinlə ictimai maraqlara xidmət etdiyinə əmin olasan. Əks halda, qələmə də, sözə də, cəmiyyətə də, imzana da xəyanət etmiş olarsan. Böyük xəyanətlər də əslində elə buradan, insanın özünə və sözünə xəyanət etməsindən başlayır. Özünə və sözünə xəyanət etmiş insandan isə vətənə və millətə qarşı hər cür sui-qəsd gözləmək olar. 21 illik fəaliyyətim ərzində cəmi 3 dəfə məhkəməyə verilmişəm. İlk dəfə son seçkilərdə. İlk iddia eyni dairədə mandat uğrunda mübarizə apardığım bir xanım tərəfindən qaldırılmışdı. Doğrusu, bu iddia sırf seçki emosiyalarından doğmuşdu. Mən keçmiş rəqibimi bir insan kimi anlayır, başa düşürdüm. Çünki kampaniya dövründə üçüncü qüvvələr tərəfindən onun barəsində KİV-ə şəxsi həyatı ilə bağlı fotolar sızdırılmışdı. Mənim fikrimcə, Azərbaycan kişisinin kodekslərindən tamamilə uzaq, şərəfsiz hərəkət idi. Ona öz düşmənlərini tapmaq lazım idi, o isə mən deyildim. Üstəlik, ona düşmənlərini tapmaqda da edə biləcəyim bir kömək yox idi. Odur ki, bu məsələnin qarşılıqlı anlaşma ilə yoluna qoyulması üçün üzərimə düşəni etdim. Çünki mənim nəzərimdə bu dünyada heç kimin, xüsusən də bir Azərbaycan qadınının şəxsi həyatının toxunulmazlığı heç bir ictimai-siyasi iddiadan üstün deyil. Amma görünür mənim bu addımım kimləri isə həvəsə saldı. Bəziləri elə bildilər məndə hakim qarşısında qorxacaq göz, iddialar qarşısında geri çəkiləcək xarakter, hədə-qorxular müqabilində susacaq qələm var. Yox, əzizlərim mənim dilim də var, dilçəyim də! Həm də ancaq doğruları ifadə etdiyindən gicgahıma tapança dirəsələr belə geri çəkilmərəm!
Məni məhkəməyə verən ikinci şəxs Nazim Məmmədovdur. Bir dəfə təsadüfən deputat olmuş bu adama mənim heç bir sayğım, heç bir hörmətim, haqqında heç bir müsbət təəssüratım yoxdur. Kimliyindən asılı olmayaraq hər insanda həmişə müsbət bir cəhət tapmaq və qiymətləndirmək istəyirəm. Mənə qarşı ən amansız mövqe tutmuş, haqqımda sosial şəbəkələrdə ən idbar statuslar paylaşmış adamları da bu üzdən nifrətə layiq görə bilməmişəm. Amma bu adam o qədər işıqdan, dəyərdən, müsbət insani keyfiyyətlərdən məhrumdur ki, hər dəfə onu “Xədicənin qardaşı” adlandıranda keçmiş məişət məhbusuna qarşı haqsızlıq etdiyimi düşünürəm. Çünki ictimai-siyasi mövqeyini bölüşməsəm də, Xədicə tamahkar adam deyil, intellekti var, ən əsası, öz çevrəsindəki insanlara kələk gəlməz. Ancaq bu birisi dünyanın bütün yazılmış və yazılmamış qanunlarına görə, insanlıq adına ləkədir.
Nəhayət, məni məhkəməyə verdiyini bəyan edən, ancaq hələ də hansı məhkəmə instansiyasına müraciət etdiyindən bixəbər qaldığım üçüncü şəxs Aslan İsmayılovdur. Aslan İsmayılov Qüdrət Həsənquliyev haqqında tam Nazim Məmmədovun əxlaqına və üslubuna uyğun bir açıqlama yaymışdı və mən də buna öz münasibətimi bildirmişdim. Qarşılığında məhkəməyə müraciət edib. Hüququdur! Amma sınıq val kimi iki-üç gündən bir “məhkəmə-məhkəmə” dediyi üçün bəzi mətləbləri media vasitəsi ilə açıqlamağı zəruri sayıram.
Yazmışam ki, Aslan İsmayılov:
Rüstəm İbrahimbəyov avantürasında fəal iştirakınız üçün xalqdan, cəmiyyətdən niyə üzr istəməmisiniz indiyəcən? Bəlkə üzr istəmisiniz, xəbərimiz yox?
Yoxsa sizin bir vaxtlar Stavropolda yaxşı günlər keçirməyinizi özümdən uydurmuşam, siz heç oralarda olmamısınız?
Bəlkə Azərbaycana imperiya müstəntiqi kimi göndərilməyiniz, sizi vaxtı ilə PA-da işə götürən komanda ilə istefa verməməyiniz yalandır?
Bəlkə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin bir rəsmisinin kabinetində qullağınızın dibinə sillə vurulması barədə açıqlamalarınızı danasınız?
Bəlkə əvvəlcə Rüstəm İbrahimbəyov, indi isə İlham Rəhimovdan ötrü sinə cırmağınızı təsadüf hesab edəcək qədər bizləri sadəlövh zənn edirsiniz?
Mən bu yazdıqlarımın hər birini məhkəmə qarşısında da, cəmiyyət qarşısında da, istənilən üz-üzə debatda da bir-bir sizə sübut edə bilərəm. Odur ki, o məhkəməni də səbirsizliklə gözləyirəm. Ancaq Aslan İsmayılov məni BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin sifarişi ilə yazı yazmaqda və ondan aylıq maaş almaqda ittiham edib. Bəli, çox istəyirəm o məhkəmə olsun və Aslan İsmayılov da gəlib dediklərini sübut etsin. Əminəm ki, sübut edə bilməyəcək. Bəs, başqasına şər-böhtan atan biri niyə məhkəməyə üz tutsun? Hər dəfə bu barədə düşünəndə gəldiyim qənaət bu olur ki, Aslan İsmayılov faciə yaşayır. Sizin faciəniz bilirsinizmi nədir, Aslan İsmayılov? Bunu heç zaman sizə heç kim deməyəcək, amma mən deyim, bilin. Siz, məsələn, Nazim Məmmədovdan fərqli olaraq öz sahənizdə, yəni bir hüquqşünas, vəkil kimi professional adamsınız. Amma onunla və onun kimi heç bir sahədə peşəkar olmayan, hay-həşir, qaraqışqırıq salaraq öz mənfəətlərini qorumaq istəyənlərlə eyni üslubu seçmisiniz. Üç-beş “like” sizi cığırınızdan çıxardı. İnanın ki, bu üslubda və formada sizinlə danışmaq istəməz, hər şey bir qırağa, adınızı Nazim Məmmədovla birgə çəkməyi əsla istəməzdim. Amma bütün bunları siz özünüz istədiniz. Anlamadınız ki, bu dünyanın işlərinə hansı tərəfdən baxarsaq-baxaq, Aslan İsmayılov namındakı ictimai-siyasi sicili qara və ləkəli adam (ən azından Rüstəm İbrahimbəyov məsələsinə görə) Qüdrət Həsənquliyevin timsalında bir vətənpərvərin şəxsiyyətini və fəaliyyətini müzakirəyə çıxarmağa mənəvi haqqı yoxdur. Sizin kimilərin anlamadığı və anlaya bilməyəcəyi budur ki, Qüdrət Həsənquliyev özünü sifarişlə müdafiə etdirmir. Əgər mən onu müdafiə etmişəmsə və edirəmsə, bu sırf vicdanımın səsidir, bir siyasətçi, insan və dost kimi ona qarşı rəğbətimin ifadəsidir. Bu rəğbəti heç bir pulla almaq mümkün deyil. Onu ancaq illərin sınağından çıxaraq qazanmaq olur. Bütün müqəddəs dəyərlərə and içə bilərəm ki, mənim həmin yazımı Qüdrət Həsənquliyev Aslan İsmayılovdan daha öncə və fərqli yerdən oxumayıb, onun yazılması haqqında əvvəldən heç bir məlumatı olmayıb.
Baxın, Aslan İsmayılov, məhz bu cür ürək sahibi olduğuna, məhz bu cür ürək sahibi olan insanlarda özünə güvən yarada bildiyinə görə Qüdrət Həsənquliyevlə özünüzü heç zaman müqayisə etməyin. O, tamam ayrı dünyanın, əxlaqın və dəyərlərin adamıdır. Sizin kimi adamların isə dostları yox, maraqları, tamahı, iştahı olur. Maraqlarınız tələb edən anda heç bir dəyər, heç bir mənəvi ölçü tanımırsınız. Qüdrət Həsənquliyevin həyat fəlsəfəsi fədakarlıq üzərində qurulub. Fədakarlıq təbiətdə bir türkə, bir də qurda məxsus fəlsəfədir. Qüdrət Həsənquliyev həmin türk əxlaqını təmsil edir. Qarşısında isə həmişə olduğu kimi “Alyanak”lar var. Türkiyənin “Show” telekanalından yayınlanan “İçəridə” adlı dizisindəki “Alyanak” obrazına nəzərən deyirəm bunu. Səsi boğuq çıxan, hamını-hamıya satmağa hazır, para qazanmaq üçün hər cür fitnə-fəsad törətməyə amadə olan bir tipdir. O, öz yaşam məfkurəsinə “həddini bilən çaqqallıq fəlsəfəsi” deyir. Mənim o obraza yeganə hörmətim ona görədir ki, heç olmasa həddini bilir. Yox, sizi onunla, yəni “Alyanak”la müqayisə etmək istəmirəm. Sadəcə, siyasətdə hər kəs həm də öz əleyhdarlarını yaradır. Qüdrət Həsənquliyevin əleyhdarı olanların ümumi cizgilərinə, tipinə yaxşı bələdəm, ən yaxşı halda yanaqlarının allığı xüsusi nəzərə çarpır… Həm də siz həddinizi, ictimai əndazəni tez-tez aşmağa meyillisiniz. Həddinizi yenə aşmısınız! Bu dəfə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri, Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənova qarşı. Allah xatirinə, barı bu dəfə də mənim Əli Həsənovdan sifariş və maaş aldığımı iddia edib özünüzə güldürməyin el-aləmi. Amma Əli müəllimə ehtiram bəslədiyim doğrudur. Çünki dövlət dediyimiz mücərrəd təşkilat Əli Həsənov kimi peşəkar və xalqa yaxın məmurların sayəsində millətə xidmətçi olur, cəmiyyətin fəal kəsimləri ilə ünsiyyət qura, identikləşə bilir. Siz heç Azərbaycanda milli təəssübkeşliyini itirməmiş fəal adamların bircəciyinin dilindən Əli Həsənov haqqında neqativ fikir eşitmisinizmi? Əminəm ki, eşitməməsiniz! Əlbəttə, əgər o adam sizin kimi milli təəssübkeşliyini itirməyibsə, orada-burada çalınan havalara oynamırsa, təbii. Odur ki, Əli Həsənovun timsalında ədalətli və cəmiyyətin kasıb təbəqələrindən çıxaraq ictimai rəydə az-çox çəki qazanmış adamlara qarşı hər zaman həssaslıq nümayiş etdirmiş bir ziyalını sizin kimi milli heysiyyatını itirmiş kəslərdən qorumaqdan kimsə çəkinmir və çəkinməz. Əlbəttə, Əli Həsənov bu ölkənin həm böyük təcrübəyə, həm də yetərincə dərin mütaliəyə malik olan ictimai-siyasi xadimlərdən biridir. İstəsə sizin kimilərin cavabını təmkinli və sərrast bir şəkildə özü verər. Amma ranqınız, çəkiniz, səviyyəniz yaxın deyil, çox aşağıdasınız. Odur ki, nəinki Əli Həsənov sizə baş qoşmaq istəyər, hətta sizə cavab verilməsini də ummaz, arzulamaz.
Bəs, bunu bilə-bilə, fərq edə-edə mən niyə bunları yazıram?
Çünki müstəqil Azərbaycanın dövlət adamları ilə, dövlətçiliyin ideoloji-siyasi yükünü ləyaqətlə çiynində daşıyan, Prezident İlham Əliyevin siyasi kursunun gerçəkləşməsinə zəhmətə qatlaşan sanballı fiqurlarla sizin kimi namizədini dəyişmiş Rüstəm İbrahimbəyovçuların danışıq tonunu bir vətəndaş olaraq özümə qarşı təhqir sayıram. Deməli, bizlər az yazmış, kəsərsiz yazmış, sizlərin iç üzünü zamanında bu xalqa lazımınca göstərməmişik ki, indi həddinizi aşa, əndazələri keçə və Rüstəm İbrahimbəyovla xalqa sırıya bilmədiyiniz layihələri gerçəkləşdirmək üçün yenidən xəyallar qura bilirsiniz.
Aslan İsmayılov, 21 illik təcrübəm mənə deyir ki, dövlətinə bağlı adamlar dövlətin idarəçiliyində iştirak edən insanlara qarşı heç zaman nəzakətdə və sayğıda qüsura yol vermir. Bu dövləti qurmaq və inkişaf etdirmək üçün insanlar ömürlərini xərcləyib və xərcləyir. Dövlətçilik isə ilk növbədə etikadan başlayır. Biz bu günəcən bu ali dəyərləri qorumuşuq. Həyatımızın ən çətin anlarında, ən ağır şərtlər altında türk dövlətçiliyinin əxlaq kodekslərini mühafizə etməyə çalışmışıq. Bir dəfə, lap çoxdan millət vəkili Aydın Mirzəzadə haqqında tənqidi bir yazı yazmışdım. Telefon açdı, təşəkkür etdi. Dedi ki, fikirlər müzakirə olunandır, tənqid eləmisən yaxşı eləmisən, bu yazının üslubundakı sayğıya görə sənə təşəkkür edirəm. Aydın Mirzəzadə ortaya fikir qoymuşdu, ona görə də əks-rəydən, tənqiddən çəkinmirdi. Amma siz ortaya təhqir, böhtan, şər-şəbədə qoyur, cavabını alan kimi də çığır-bağır salırsınız. Siz özünüzü söydürməklə kiməsə hesabat verirsinizsə, bu artıq bizim problemimiz deyil. Amma yenə də abrınız-həyanız olsun, özünüzə, danışığınıza, üslubunuza çəki-düzən verin, bizi o səviyyəyə enmək məcburiyyətində qoymayın. Mən artıq sizi bir buffon kimi tanıyır və xatırlamamağa çalışıram. Çünki buffonlar mənə maraqlı obrazlar deyil. İctimai mənzərəni pozan və korlayan tiplərdir. Xüsusən də kompramatları bir-bir üzə çıxdığı halda, gözə kül üfürməyə çalışırsa, qətiyyən gülməli görünmürlər.