Almaniya və Ukrayna hökumətlərarası məsləhətləşmələr çərçivəsində müdafiə sahəsində, o cümlədən raketdən müdafiə və pilotsuz sistemlərin istehsalı ilə bağlı bir neçə saziş imzalayıblar.
Elchi.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Berlin və Kiyev razılaşıblar ki, Almaniya Ukrayna üçün “Raytheon” şirkətindən “bir neçə yüz ədəd Patriot (zenit-raket kompleksləri üçün) raketi”nin alınmasını maliyyələşdirəcək. Bundan əlavə, yeni “IRIS-T” hava hücumundan müdafiə sistemlərinin buraxılış qurğularının tədarükü barədə razılıq əldə olunub. Bunları da Almaniya tərəfi maliyyələşdirəcək (sayı dəqiqləşdirilmir).
Əlavə olaraq, iki ölkə orta və uzaq mənzilli pilotsuz uçuş aparatlarının (PUA) istehsalı barədə razılığa gəliblər. Bu məqsədlə minlərlə PUA-nın tədarükü üçün birgə müəssisə yaradılacaq. Almaniya həmçinin “kamikadze dronların” istehsalında Ukraynaya bir neçə yüz milyon avro məbləğində dəstək verəcək.
Bundan başqa, Berlin və Kiyev hərbi texnologiyaları inkişaf etdirmək məqsədilə döyüş əməliyyatları barədə məlumat mübadiləsi aparmaq niyyətindədirlər. Konkret olaraq, müxtəlif Almaniya silahlarının və rəqəmsal sistemlərinin Ukraynadakı münaqişədə tətbiqi analiz ediləcək.
Almaniya Müdafiə Nazirliyi xatırladıb ki, indiyədək ölkə Ukraynaya təxminən 55 milyard avro məbləğində hərbi dəstək göstərib. Bu il isə sözügedən məqsədlər üçün 11,5 milyard avro ayrılacaq.
Şayəstə





















