İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Böyük İyirmiliyin (G20) Beyin Sammitində təmsil olunacaq. Eyni zamanda, qlobal olaraq gənclərin 100 innovativ layihəsinin dəstəklənməsi də nəzərdə tutulur.
İqtisadçı alim Vüqar Bayramov bildirib ki, Almaniya tərəfi Azərbaycan gənclərinin bu proqramda iştirakının dəstəklənməsini CESD-dən xahiş edib. Onun sözlərinə görə, müsabiqədə Azərbaycan gənclərinin də fəal iştirakı yaxşı olardı:
“Qaliblərin Nobel mükafatı almış iqtisadçılar ilə görüşlərinin təşkili də daxil olmaqla, G20 sammitində iştirakı nəzərdə tutulub. Bütün xərclər Almaniya tərəfindən qarşılanacaq. Proqramda bütün sahələr üzrə tədqiqatçılar, sahibkarlar, İT ekspertlərinin və jurnalistlərin iştirakı nəzərdə tutulur. İnnovativ ideyalar ilə bağlı sektor limiti yoxdur, sadəcə, bu təşəbbüslərdə yeni yanaşma tələb edilir. Yaş limiti 35-dir. Proqramın işçi dili ingilis dilidir”.
Ekspert qeyd edib ki, G20 Beyin Sammiti mayın 28-30-da Berlində, G20 Sammiti isə iyulun 7-8-i Hamburqda təşkil ediləcək:
“Hamburqda G20 sammiti ilə yanaşı, ənənəvi olaraq G20 Beyin Sammiti də keçiriləcək. Maraqlananlar [email protected] email ünvanına yaza bilərlər. Ayrıca, CESD-nin ofisində əlavə informasiya sesiyası təşkil ediləcək və email ilə müraciət edənlərə bu haqda ayrıca bildiriş göndəriləcək”.