Avropa İttifaqı (Aİ), Avstraliya, Barbados, Braziliya, Kanada, Hindistan və Keniya beynəlxalq hüququ və çoxtərəfli əməkdaşlığı gücləndirmək məqsədilə “Çoxtərəflilik üzrə Tərəfdaşlar” (Partners for Multilateralism) təşəbbüsünü irəli sürüblər.
Elchi.az xəbər verir ki, Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində başladılan bu təşəbbüslə bağlı Aİ Şurası tərəfindən yazılı bəyanat yayılıb.
Bəyanatda “Çoxtərəflilik üzrə Tərəfdaşlar” təşəbbüsünün Avstraliya, Barbados, Braziliya, Kanada, Hindistan, Keniya və Avropa İttifaqının birgə təşəbbüsü ilə həyata keçirildiyi elan edilib.
Müxtəlif qitələrdən olan ölkələrin ortaq bir əqidəni bölüşdüyünü qeyd edən bəyanatda deyilir: “Üzləşdiyimiz çağırışlar heç bir ölkə tərəfindən təkbaşına həll edilə bilməz.”
Sənəddə təşəbbüsün ortaq məqsədləri kimi beynəlxalq hüquqa riayət edilməsi, çoxtərəfli əməkdaşlığın gücləndirilməsi, həmçinin xalqlar üçün sülh və rifahın təmin olunması müəyyən edilib.
İqlim dəyişikliyindən qlobal səhiyyəyə, texnoloji transformasiyadan beynəlxalq təhlükəsizliyə qədər dövrün çağırışlarının kollektiv həll yolları tələb etdiyini vurğulayan bəyanatda qeyd olunub: “Buna görə də, bu çağırışlara cavabımız da kollektiv olmalıdır.”
Bəyanat belə bir mesajla yekunlaşıb: “Mesajımız sadədir: Birlikdə hərəkət etdikdə daha güclüyük və ortaq prinsiplərimizi birlikdə konkret nəticələrə çevirə bilərik.”
“Problemləri kollektiv şəkildə həll edə bilərik.”
Nyu-Yorkdakı BMT Baş Qərargahında təşəbbüslə bağlı keçirilən mətbuat konfransında çıxış edən Aİ Şurasının Prezidenti Antonio Kosta deyib: “Aİ, Avropa qitəsinə rifah və sülh gətirmək məqsədilə İkinci Dünya Müharibəsinin dağıntıları arasından yaranmış bir təşkilatın parlaq nümunəsidir və biz bütün dünyadakı tərəfdaşlarımızla əməkdaşlıq etməyə sadiqik.”
Təşəbbüsün BMT-ni əvəz etməyə deyil, əksinə, BMT-ni və digər çoxtərəfli təsisatları gücləndirməyə yönəldiyini bildirən Kosta əlavə edib: “Bu, bir seçim məsələsi deyil. Bu, sadəcə idealizm də deyil. Biz buna ehtiyac duyuruq, çünki bu gün üzləşdiyimiz problemləri yalnız kollektiv şəkildə həll edə bilərik.”
Şayəstə




















