Avropa Birliyinin yüksək sayda istifadəçisi olan və buna görə də ciddi qaydalara tabe olan əsas rəqəmsal platformalar siyahısına Google, Facebook, YouTube, Twitter və Apple daxildir.
Elchi.az xəbər verir ki,Aİ Komissiyası daha sərt qaydalara tabe olacaq Rəqəmsal Xidmətlər Aktı çərçivəsində Avropada fəaliyyət göstərən əsas rəqəmsal platformaların və axtarış sistemlərinin siyahısını müəyyən etdiyini açıqlayıb.
Açıqlamaya görə, Alibaba, Amazon, Apple AppStore, Booking.com, Facebook, Google Play, Google Maps, Google Shopping, Instagram, LinkedIn, Pinterest, Snapchat, TikTok, Twitter, Wikipedia, YouTube və Zalando nəhəng onlayn platformalardır, Bing və Google həm də çox böyük axtarış sistemi kimi təsnif edilir.
Açıqlamada, müəyyən edilmiş 19 platformanın 4 ay ərzində qanun çərçivəsində bütün yeni öhdəliklərə əməl etməli olacağına diqqət çəkilib.
Yeni qaydalara əsasən, rəqəmsal platformalar Aİ tərəfindən daha sərt şəkildə tənzimlənəcək.
Qaydaları pozan rəqəmsal platformalar üçün onların qlobal dövriyyəsinin 6 faizinə qədər cərimələr tətbiq oluna bilər.
Təkrar pozuntular halında, sözügedən rəqəmsal platformaların Aİ-də fəaliyyətinə xitam verilə bilər.
Nuranə Məmmədova