“İranın ABŞ-dən əldə etdiyi yeganə məhsul onilliklər boyu davam edən etimadsızlıqdır”.
Elchi.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ Prezidenti Donald Trampın Tehranın dondurulmuş aktivləri ilə bağlı açıqlamalarına cavab olaraq deyib.
Spiker bildirib ki, ABŞ yanlış olaraq İranın sərbəst buraxılacaq vəsaitlərinin Amerikadan kənd təsərrüfatı məhsullarının alınmasına yönəldiləcəyini iddia edir.
“Amerikanın ixrac etdiyi əsas şeylər genetik cəhətdən dəyişdirilmiş (GMO) soya, öhdəliklərə əməl etməmək və təhdid xarakterli bəyanatlardır”, – Qalibaf vurğulayıb.
Xatırladaq ki, Donald Tramp bundan əvvəl bir neçə dəfə Tehranın sərbəst buraxılacaq maliyyə vəsaitlərinin ABŞ-dən İran üçün kənd təsərrüfatı və ərzaq məhsullarının alınmasına xərclənəcəyini bəyan edib. ABŞ-nin maliyyə naziri Skott Bessent də sözügedən pulların Vaşinqtonun nəzarəti altında xərclənəcəyini açıqlayıb.





















