ABŞ-ın Qərargah Rəisləri Komitəsinin sədri bildirib ki, ABŞ Ay yaxınlığında döyüş əməliyyatlarına hazırlaşmalıdır. General Den Keynin Vaşinqtondakı sammitdə səsləndirdiyi bu fikirlər, ABŞ-ın kosmosa silah yerləşdirməsi barədə elanından sonra səslənib.
Elchi.az xəbər verir ki, ABŞ-ın ilk dəfə olaraq kosmos əsaslı silahlar yerləşdirməsi ilə bağlı elanından sonra müharibənin yeni bir dövrünün başladığını qeyd edən Den Keyn bildirib ki, Amerika qoşunları təkcə Yer orbitində deyil, həm də Ay ətrafında döyüşməyə hazırlaşmalıdır.
Vaşinqton yaxınlığında keçirilən Hava, Kosmos və Kiberməkan Konfransında hərbi qulluqçular və sənaye nümayəndələri qarşısında çıxış edən ABŞ-ın Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn vurğulayıb ki, ABŞ ordusu “dəniz dibindən tutmuş Ay orbitinə qədər hər yerdə döyüşmək, müqavimət göstərmək və qalib gəlmək” üçün indi uyğunlaşmalıdır.
“Yer-Ay regionu” termini Yer səthi ilə Ay arasındakı ərazini təsvir edir.
ABŞ ordusunun Yerin yüksək orbiti ilə Ay arasındakı bölgədə döyüşməyə hazır olması barədə bəyanat, Hərbi Hava Qüvvələri katibi Troy Meynkin həmin konfransda ABŞ-ın “orbital kosmos nəzarət silahları” hazırladığını elan etməsindən cəmi bir neçə gün sonra səslənib.
Hərbi rəsmilərin kosmik silahlarla bağlı son bəyanatları kosmosun yalnız dinc məqsədlər üçün istifadə edilməsi və hərbiləşdirilməməsi barədə uzunmüddətli ənənələrə və beynəlxalq razılaşmalara ziddir.
Kosmik Qüvvələr bildirir ki, ABŞ-ın potensial rəqibləri kosmosu döyüş meydanına çevirməyə cəhd edə bilərlər.
ABŞ da daxil olmaqla bir çox ölkə Yer orbitindəki peykləri vurmaq qabiliyyətini nümayiş etdirsə də, həmin sınaqlar yerdən öz peyklərinə qarşı həyata keçirilmişdi. Lakin Qaqnonun sözlərinə görə, “kəşfiyyat icması potensial rəqiblərin müharibəni kosmosa daşımağa çalışdığına dair birmənalı mövqeyə malikdir” və ABŞ ordusu buna cavab verməlidir.
Qaqnon deyib: “Çin Xalq Respublikası kimi potensial rəqiblər kosmosun müəyyən bölgələrində sistem daxilində fəal şəkildə fəaliyyət göstərirlər”.
2024-cü ildə Çin öz hərbi kosmik qüvvələrini yaratdı və onlara kosmosla bağlı böhranları idarə etmək imkanlarını gücləndirmək tapşırığını verdi.
Şayəstə





















