ABŞ neyroalimləri siçanların beyinlərində funksional insan hüceyrələrinin mövcud olmasını uğurla təmin ediblər. Tədqiqatçılar ümid edirlər ki, yalnız insanlarda müşahidə olunan psixiatrik və neyroinkişaf pozuntularının müalicəsi üçün potensial üsullar artıq laboratoriya gəmiriciləri üzərində sınaqdan keçirilə bilər.
Elchi.az xəbər verir ki, qismən insan beyninə malik siçanlar insanda Kafkasayağı bir təcrübə təəssüratı yaratsa da, alimlər aydınlıq gətiriblər ki, bunlar “insan kimi düşünən siçanlar” deyil.
Heyvanlar üzərində genetik və cərrahi müdaxilələr aparılıb ki, nəticədə beyin toxumalarının bir hissəsi insan toxuması olsun.
Alimlər bildiriblər ki, *Nature* jurnalında dərc olunan bu tədqiqat müstəqil etik nəzarət altında həyata keçirilib.
Müalicəsi olmayan beyin xəstəlikləri tədqiq ediləcək
Tədqiqatçılar insan beyin hüceyrələri ilə siçan beyninin qalan hissəsi arasında əlaqələri implantasiya edilmiş siçanların skan görüntülərində müşahidə edə biliblər.
Etik baxımdan mürəkkəb olan bu elmi nailiyyətin məqsədi, hazırda effektiv müalicə üsulları mövcud olmayan beyin xəstəliklərinin biologiyasını daha yaxşı anlamaqdır.
Bəzi xəstəlikləri siçanlar üzərində öyrənmək mümkün deyil, çünki bu gəmiricilərdə həmin pozuntular təbii yolla yaranmır.
Stenford Universitetinin aparıcı tədqiqatçısı professor Sergiu Paşca mətbuat konfransında izah edib ki, psixiatriya sahəsi “klinik sınaqlarda ən aşağı uğur göstəricilərindən birinə” malikdir.
“Hətta klinik mərhələyə çatan və heyvan modellərində çox yaxşı nəticə verən dərmanlar belə, klinik tətbiq zamanı ciddi uğursuzluğa düçar olur”, – deyə Paşca mətbuat konfransında bildirib və əlavə edib: “Bu, bizə insan biologiyası haqqında çoxlu məlumatın çatışmadığını göstərir və həmin məlumatları əldə etmək həlledici əhəmiyyət daşıyacaq”.
Stenford tədqiqatçıları qeyd ediblər ki, bu yanaşma epilepsiya, autizm və serebral iflic kimi bəzi mürəkkəb xəstəliklər üçün “köklü dəyişikliklər yarada biləcək” potensiala malikdir. Paşca deyib: “Burada bizə insan beyni fəaliyyətinin müəyyən aspektlərini əvvəllər mümkün olmayan bir tərzdə müşahidə etməyə imkan verən yeni bir model təqdim olunur”.
Şayəstə





















