Bildirilir ki, NASA-nın “Neil Gehrels Swift” Rəsədxanası missiyasına başladıqdan 22 il sonra Yerə doğru nəzarətsiz şəkildə enməyə başlayıb.
Elchi.az xəbər verir ki, ABŞ Kosmik Qüvvələri təsdiqləyib ki, son bir neçə ildə güclü günəş aktivliyi səbəbindən orbiti alçalan rəsədxana İndoneziya yaxınlığında atmosferə daxil olub.
“Space.com” saytının məlumatına görə, peyklərin izlənməsi üzrə mütəxəssis Conatan Makdauell ABŞ Kosmik Qüvvələrinin məlumatlarına istinadən bildirib ki, “Swift” Rəsədxanası Sumatra adasının şimalında Yer atmosferinə yenidən daxil olub.
Təxminən 1,5 ton ağırlığında olan kosmik aparatın atmosferə daxil olarkən nə qədər hissəsinin yanıb kül olduğu hələ açıqlanmayıb.
NASA rəsmiləri daha əvvəl proqnozlaşdırmışdılar ki, “Swift” Rəsədxanasının böyük hissəsi eniş zamanı yanıb parçalanacaq; onlar həmçinin qeyd etmişdilər ki, sağ qalan qalıqların hər hansı zərər vurma ehtimalı son dərəcə aşağıdır.
Müdafiə texnologiyaları şirkəti “Katalyst Space Technologies” tərəfindən hazırlanan və iyulun 3-də Marşall adalarından buraxılan “Link” adlı kosmik aparatın “Swift” Rəsədxanasına yaxınlaşaraq onu daha yüksək orbitə qaldırması nəzərdə tutulmuşdu, çünki rəsədxana gözləniləndən daha sürətlə aşağı enirdi.
Lakin “Link” kosmik aparatı mühərrik sistemində və oriyentasiyaya nəzarət üçün istifadə olunan reaksiya çarxlarında yaranan problemlər səbəbindən bu missiyanı yerinə yetirə bilməyib.
Şayəstə





















