Şərqi Konqo Demokratik Respublikasında 1900-dən çox uşaq Ebola qızdırması səbəbindən yetim qalıb və ya ailələrindən ayrı düşüb, onlara təcili humanitar yardım tələb olunur.
Elchi.az xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondu (UNICEF) məlumat yayıb.
Ebola epidemiyasının mərkəzində yerləşən Buniya şəhərinə səfər etdikdən sonra valideyinsiz qalan uşaqların taleyi ilə bağlı narahatlığını UNICEF-in fövqəladə əməliyyatlar üzrə direktoru Lyuçiya Elmi ifadə edib.
“Uşaqlar üçün Ebola ağır nəticələrin sürətli zəncirvari reaksiyasına təkan verə bilər”, – deyə o bildirib. “Valideyn xəstələnir və uşaq virusun təsirinə məruz qala bilir. Mənim nöqteyi-nəzərimcə, valideyn xəstəxanaya yerləşdirilir və ya vəfat edir, uşaq isə asılı olduğu insansız qalır”.
BMT-nin Uşaq Fondu qəyyumsuz qalan uşaqların müdafiəsi üçün təcili vəsait ayrılmasına çağırıb. “UNICEF Ebola ilə mübarizə tədbirləri üçün 150,8 milyon dollar sorğu edir”, – deyə press-relizdə vurğulanır. “Yalnız Konqodakı vəziyyətə reaksiya vermək üçün 113,4 milyon dollar tələb olunur ki, bunun da bu günə olan məlumatına görə yalnız 40,1 milyon dolları səfərbər edilib”.
Konqo hökumətinin məlumatına görə, hazırda ölkədə laboratoriya şəraitində təsdiqlənmiş Ebola xəstəliyi hallarının sayı 8 544 təşkil edir. Eboladan ölənlərin sayı 4 114 nəfərdir. Ölüm göstəricisi 48,2% təşkil edir. Qızdırma ölkənin 26 əyalətindən yeddisini əhatə edib.
Məryəm





















