İsrail ABŞ-dən silah tədarükündən asılı olmamaq üçün iki il ərzində özünün idarəolunan JDAM aviabombalarının kütləvi istehsalını təşkil etməyi planlaşdırır.
Elchi.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.
Nəşrdə qeyd olunur ki, hələ 2024-cü ildə İsrail, o zamankı müdafiə naziri Yoav Qallantın göstərişi ilə öz aviabombalarının istehsalını artırmağa başlayıb. Bu qərar onunla bağlı olub ki, həmin ilin may ayında ABŞ-nin sabiq prezidenti Co Baydenin administrasiyası İsrailə bəzi silah növlərinin tədarükünə qismən embarqo tətbiq edib. Onilliklər ərzində yəhudi dövləti bu növ silahların təchizatında məhz ABŞ-yə arxalanırdı.
İsrail Müdafiə Nazirliyinin baş direktoru Amir Baramın sözlərinə görə, son zamanlar qurum xüsusilə aviabombaların istehsalına üstünlük verir. “Biz hazırda istənilən ssenariyə hazır olmaq üçün istifadə olunmuş bütün sursatların ehtiyatını bərpa etmək üzərində işləyirik. İrana qarşı əməliyyatdan əvvəl İsraildə istehsal xətlərinin genişləndirilməsi və sürətləndirilməsi barədə qəbul etdiyimiz qərarlar istehsal tempini yeni səviyyəyə qaldırmağa imkan verəcək”, — deyə qəzet Baramın sözlərindən sitat gətirib.
Nəşr qeyd edir ki, İsrail sərbəst düşən aviabombaları yüksək dəqiqlikli silaha çevirmək üçün artıq özünün idarəetmə sistemlərini (kitlərini) istehsal edir, lakin istehsal həcmi arzulanan səviyyədən hələ çox uzaqdır. Sursatların istehsalına dair konkret rəqəmlər və onların texniki xüsusiyyətləri barədə məlumat verilmir.
Məryəm





















