İsrail ordusunun artilleriyası Cənubi Livanda sərhədə yaxın beş yaşayış məntəqəsini atəşə tutub.
Elchi.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb. Atəş Əl-Bayyada və Əl-Malikiyə yüksəkliklərində yerləşən mövqelərdən açılıb.
Mərmilərin düşməsi barədə məlumatlar Aytarun, Blida, Beyt-Lif, Ramya və Yarun qəsəbələrindən daxil olub. Yerli hakimiyyət orqanları bir neçə yaşayış binasına maddi ziyan dəydiyini bildirib, ölən və yaralanan yoxdur.
Blida bələdiyyəsinin bəyanatında qeyd olunub ki, işğalçı qüvvələrin atəşi 2024-cü il münaqişəsi zamanı dağıdılmış yaşayış məhəllələrinin və təsərrüfat infrastrukturunun bərpasına mane olur.
İsrail Müdafiə Ordusunun nümayəndəsi isə X sosial şəbəkəsində bildirib ki, atəş “Hizbullah” şiə təşkilatının üzvləri tərəfindən şübhəli aktivliyin qeydə alındığı nöqtələrə yönəldilib.
Məryəm




















