ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Putin Ukraynadakı müharibəni dayandırmaq üçün güzəştə getməyə hazırdır.
Elchi.az xəbər verir ki, bu, onun ABŞ, Rusiya və Ukrayna arasında bu gün BƏƏ-də başlayacaq birbaşa danışıqları dəyərləndirməsi olub.
“O (Putin) güzəştə gedəcək. Buna nail olmaq üçün hamı güzəştə gedəcək. Avropa da bunun bir parçası olacaq”, – Tramp qeyd edib.
ABŞ prezidentinin sözlərinə görə, istənilən görüş özlüyündə yaxşı bir şeydir, çünki görüşməsəniz, heç nə olmayacaq, – DW yazır.
Tramp Davosdan ABŞ-a qayıdan təyyarəsinin göyərtəsində bunu özü üçün deyil, Avropa üçün daha çox etdiyini bildirib. O, ötən gün Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşünü çox yaxşı adlandırıb.
“Financial Times” mənbələrə istinadən yazır ki, üçtərəfli görüşdə Ukrayna və Amerika nümayəndə heyətləri Kiyevin Rusiya tankerlərinə və neft emalı zavodlarına hücumlarını dayandırması müqabilində Moskvaya Ukraynanın enerji infrastrukturuna hücumları dayandırmağı təklif etmək niyyətindədirlər.
Bu arada, Zelenski Ukraynanın təhlükəsizlik zəmanətləri haqqında sazişin imzalanmağa hazır olduğunu açıqlayıb. Ukrayna prezidentinin sözlərinə görə, sənəd əsasında digər sazişlər də hazırlanacaq və Tramp imzalanma tarixini və yerini açıqlayacaq.
Yeganə





















