İngiltərə alimləri genetik olaraq dəyişdirilmiş bakteriyadan istifadə edərək plastik tullantıları parasetamol adlı ağrıkəsiciyə çevirməyə nail olublar. Bu üsul həm plastik çirklənməyə, həm də qalıq yanacaqdan asılılığa çarə ola bilər.
Elchi.az xəbər verir ki, Edinburq Universitetinin tədqiqatçıları butulkalarda və qida qablaşdırmalarında geniş istifadə olunan PET plastikləri parçalamaqla parasetamol istehsal etməyin yolunu tapıblar.
Bu prosesdə Escherichia coli (E. coli) adlı bakteriya genetik olaraq dəyişdirilmişdir. Parçalanmış plastikdən əldə edilən material bakteriyalara verildikdə, bakteriyalar əvvəlcə bu materialı PABA adlı üzvi birləşməyə, daha sonra isə parasetamola çevirdilər.
Canlı hüceyrələrlə baş verən nadir reaksiya
Normalda ancaq çətin laboratoriya şəraitində görülən Lossen yenidən təşkili adlanan kimyəvi reaksiya bu dəfə canlı hüceyrədə uğurla həyata keçirildi. Bundan əlavə, reaksiya otaq temperaturunda və əlavə enerji tələb etmədən tamamlandı.
Bu prosesdə bakteriyalara biri göbələklərdən, digəri isə torpaq bakteriyalarından alınan iki yeni gen əlavə edildi. Bu yolla plastikdən olan materialı birbaşa ağrıkəsiciyə çeviriblər.
Şayəstə Hüseynova


















