Kremlin sözçüsü Peskov deyib ki, İranda rejim dəyişikliyinə məcbur edilməsi qəbuledilməzdir və İran lideri Xamneyinin mümkün qətli “Pandoranın qutusunu açacaq”.
Elchi.az xəbər verir ki, Sky News-a danışan Peskov İsrailin İrana hücumları ilə başlayan münaqişəni dəyərləndirib.
İsrailin ABŞ-ın köməyi ilə Xamneyini öldürməsi halında Rusiyanın reaksiyasının çox mənfi olacağını bildirən Peskov, “Biz bunu qətiyyən bəyənməzdik” deyib.
İranda rejim dəyişikliyi ilə bağlı Peskov, “Bu, ağlasığmazdır. Bu, qəbuledilməz olmalıdır, heç kimin bu barədə danışması belə qəbuledilməz olmalıdır” deyib.
Peskov, Xamneyinin öldürüləcəyi təqdirdə Rusiyanın nə edəcəyi ilə bağlı heç bir açıqlama verməyib və “Bu, İran daxilində ekstremist əhval-ruhiyyənin yaranmasına səbəb olacaq və (Xamneyini öldürmək) haqqında danışanlar bunu nəzərə almalıdırlar. Pandoranın qutusunu açacaqlar” dedi. Peskov vəziyyətin son dərəcə gərgin və təkcə region üçün deyil, həm də dünya üçün təhlükəli olduğunu qeyd edərək, tərəflər arasında münaqişənin genişlənməsinin potensial olaraq onu daha da təhlükəli edəcəyi barədə xəbərdarlıq edib.
Şayəstə Hüseynova


















