Köhnəlmiş infrastrukturun artan ixrac yanacağı həcmlərinin öhdəsindən gələ bilməməsi səbəbindən neft tankerləri Venesuela limanlarında yüklənmək üçün 30 günə qədər gözləməyə məcbur olurlar.
Elchi.az xəbər verir ki, bu barədə sənədlərə və mənbələrə istinadən “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, Venesuela neftinin alıcıları sonuncu dəfə bu cür uzunmüddətli ləngimələrlə keçən ilin sonunda ABŞ-nin bu Cənubi Amerika ölkəsinə qarşı tətbiq etdiyi hərbi-dəniz blokadası zamanı qarşılaşmışdılar.
ABŞ energetika nazirinin müavini Kayl Xaustvaytın sözlərinə görə, Venesuelada hasil edilən neftin təxminən yarısı – təribən 500 min bareli ABŞ-yə ixrac olunur. Məqalədə qeyd olunur ki, yanacağın yüklənməsindəki ləngimələr beynəlxalq ticarət şirkətləri ilə imzalanan flaqman sazişindən sonra Vaşinqtonun Cənubi Amerika ölkəsindən karbohidrogen ixracını sürətlə artırmaq planlarına maneələr yaradır.
“Xam neftin çənlərdən gəmilərə vurulma sürəti inanılmaz dərəcədə aşağıdır, bu da tankerləri yüklənmə üçün ayrılmış vaxt çərçivəsindən daha uzun müddət lövbər salmağa məcbur edir”, – deyə mənbələrdən biri agentliyə bildirib.
Avqustun əvvəlində ABŞ Prezidenti Donald Tramp Venesuela neftini ABŞ-yə qalan bir qənimət adlandırıb. O, Karakasa edilən və nəticədə hərbçilər tərəfindən Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşının ələ keçirilərək ölkədən çıxarıldığı əməliyyatı “48 dəqiqəlik müharibə” adlandırıb. Trampın sözlərinə görə, ABŞ “qədim üsulla” hərəkət edərək Venesuela nefti hesabına əməliyyatın keçirilməsinə xərclədiyindən “dəfələrlə çox” vəsait əldə edib.
Məryəm





















