Dünya miqyasında 2022-ci il tarixdə ölçülən ən isti 5-ci il, Avropada isə 2-ci ən isti il olmuşdur.
Elchi.az xəbər verir ki, bu barədə Avropa Birliyinin (AB) Kopernik İqlim Dəyişikliyi Xidməti 2022-ci ildə bir çox temperatur rekordunun qeydə alındığını və istixana qazlarının konsentrasiyalarının artdığını açıqlayıb.
Aİ məlumatlarına görə, 2022-ci il “temperatur qeydləri aparıldıqdan sonra ölçülən 5-ci ən isti il” olub. Son 8 il “ən isti 8 illik dövr” kimi qeydə alınıb.
Ötən il orta illik temperatur 1991-2020-ci illərin istinad dövründən 0,3 dərəcə yüksək olub. 1850-1900-cü illərlə müqayisədə temperatur 1,2 dərəcə artıb.
Atmosferdə karbon qazının konsentrasiyası son illərdə olduğu kimi təxminən 2,1 ppm artıb.
Avropa və digər bölgələr
Avropa qitəsi isə 2022-ci ildə özünün rekord ən isti ikinci ilini yaşadı. Ən isti il 2020-ci il olub.
Mövsümi ölçmələrə görə, Avropa qitəsi 2022-ci ildə ən isti yayı və 3-cü ən isti payızını yaşadı.
Dünyanın digər hissələrinə nəzər salsaq, uzun sürən istilik dalğaları yay boyu Pakistan, Hindistan və Çinə təsir etdi və Pakistan son illərdə ən böyük daşqın fəlakətini yaşadı.
La Nina şəraitinin Avstraliya qitəsinə təsiri ilə havanın temperaturu aşağı səviyyədə qaldı və güclü yağışlar müşahidə edildi.
Fevral ayında Antarktika dənizində (Weddell) buzun miqdarı 44 illik peyk çəkilişləri rekordlarına görə ən aşağı səviyyəyə düşüb.