Gennadi Züqanov: “Rusiyanın rolu daha da artırılmalıdır”
Rusiya Kommunist Partiyasının sədri, Dövlət Dumasının üzvü Gennadi Züqanovun Bakıya səfəri gözlənilməz olsa da, bəzi məqamları ilə yadda qaldı. Bakıya səfərindən məmnunluğunu ifadə edən kommunistlərin lideri ölkəmizdə gedən quruculuq proseslərinin sevinc doğurduğunu ifadə etdi. O, Bakıda rus icmasının nümayəndələri ilə görüşü zamanı bölgədəki vəziyyətə, Qarabağ probleminin həllinə də toxundu.
ANS PRESS-in məlumatına görə, G.Züqanov diqqəti Rusiyanın önəminə yönəldərək, Qafqazda sülhə və sabitliyə Moskvasız nail olmağın çətin, mümkünsüz olduğunu, bölgədəki problemlərin həllində Rusiyanın rolunun daha da artırılmasının vacibliyini söylədi.
Azərbaycan Milli Məclisinin deputatı Mixail Zabelin də Rusiyadan bu münaqişənin nizamlanmasında, işğal olunmuş torpaqların geri qaytarılmasında öz mövqeyini daha konkret nümayiş etdirməsi istəyini bildirib: “Əgər Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəallaşsa, öz qəti sözünü desə, əminik ki, qısa müddət ərzində müharibə riski də aradan qalxar, bölgədə sülh bərqərar olar.”
ANS PRESS